Prezident İlham Əliyevin 2024-cü il 22 fevral tarixli Sərəncamına əsasən, görkəmli bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur.

Mayın 22-də Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində görkəmli bəstəkar və dirijor, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində Süleyman Ələsgərovun “Vətənimdir”, “Daimi hərəkət”, “Tarantella”, “Intermetso”, “Skerso”, “Xəyala dalarkən”, “Poema”, “Konsert No 1” (1-ci hissə), “Şalaxo”, “Rəqs-tokkata” və “Vağzalı çalınır” kimi əsərlər səsləndirilib.

Qarabağın tarixi məkanı Şuşadan olan S.Ələsgərov yurdunun əsrarəngiz təbiətindən, poeziyasından, muğam dünyasından ilham alaraq gözəl əsərlər bəstələyib, dirijor, pedaqoq kimi musiqi mədəniyyətimizin, musiqi təhsil sisteminin formalaşmasında mühüm rol oynayıb.

S.Ələsgərov 1948-1949-cu, eləcə də 1952-1954-cü illərdə A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə (musiqi kollecinə) rəhbərlik edib, direktor olduğu dövrdə musiqi təhsili sistemində bir sıra yeniliklər həyata keçirib. O, Azərbaycanın müxtəlif regionlarından orta ixtisas musiqi məktəbinə istedadlı tələbələrin axınını təmin etmək üçün bölgələrə gedərək xüsusi qabiliyyəti olan uşaqlarla iş aparıb. Tar, Kamança, Balaban, Zərb alətləri, eləcə də Xanəndəlik şöbələrini yenidən bərpa edib.