Azərbaycan mətbuatının tanınmış nümayəndələrindən Əməkdar jurnalist Bəbir Hüseynov 23 may 2024-cü il tarixində, ömrünün 91-ci ilində vəfat edib.
Bəbir Qüdrət oğlu Hüseynov 26 dekabr 1932-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1979-cu ildən “Ağdam” qəzetinin (o vaxt “Lenin yolu” adlandırılmışdı) redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin adının dəyişdirilib “Ağdam” qoyulması üçün böyük əmək sərf edib.
Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan B.Hüseynov yaradıcı gəncləri bir araya toplayıb və “Ağdam” qəzetinin fəaliyyətində yeni cığır açıb. Onun sayəsində nəşrdə doğma diyarın problemlərinin həllini, yeni nəslin vətənpərvərlik ruhunda tərbiyəsini, ümumən, milli mənlik şüurunun dirçəldilməsini hədəf seçən çoxsaylı materiallar yayımlanıb. Jurnalist çətin müharibə şəraitində Azərbaycan həqiqətlərinin ictimaiyyətə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib.
Allah rəhmət eləsin.