Mayın 26-da Xalq yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin (1914–1996) anadan olmasının 110-cu ildönümü tamam oldu. Bu münasibətlə Xalq yazıçısının I Fəxri xiyabandakı məzarı ziyarət edilib.
Mərasimdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, tanınmış mədəniyyət xadimləri, Akademik Milli Dram Teatrının kollektivi, sənətkarın ailə üzvləri iştirak ediblər.
Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və digər çıxış edənlər İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında, xüsusilə milli dramaturgiyanın inkişafında müstəsna rolu olduğunu vurğulayıblar. Xalq yazıçısının yaradıcılığının dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyi, onun zəngin ədəbi irsinin Azərbaycan ədəbiyyatında yeni mərhələnin təşəkkülünə böyük təsir göstərdiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, İlyas Əfəndiyevin Azərbaycan teatrına mühüm töhfələr verib, ən çox oxunan və sevilən yazıçılardan biri olub. “İlyas Əfəndiyev doğma Qarabağı, o taylı bu taylı Azərbaycanı vəsf edən böyük yazıçı və dramaturqdur. Biz çox xoşbəxt nəslin nümayəndələriyik, çünki onun tamaşaları və əsərləri ilə böyümüşük”, – deyə Hacı İsmayılov bildirib.