Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı qələmə aldığı ilk səhnə əsərlərindən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə sıx bağlı olub. Teatrın son altmış ildən artıq tarixində İlyas Əfəndiyev dramaturgiyasının müstəsna yeri var.
Mayın 26-da Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı əsəri nümayiş olunub. Tamaşanın budəfəki nümayişi müəllifin 110 illiyinə həsr edilib.
Nümayişdən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə görkəmli ədibin həyatı və zəngin yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələrdən danışıb. O, İlyas Əfəndiyevin ötən əsrin 60-cı illərindən etibarən Azərbaycan dramaturgiyasında, teatrında yeni bir mərhələnin başlanğıcını qoyduğunu bildirib.
Qeyd edilib ki, görkəmli ədibin 20 pyesindən 19-u Milli Dram Teatrında tamaşaya qoyulub, həmin dövrdə mövcud olmuş mənəvi problemlər onun dramaturgiyasında öz əksini tapıb.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova və Firəngiz Mütəllimova İlyas Əfəndiyevlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, İlyas Əfəndiyev öz əsərlərində hər zaman tamaşaçıya milli kimliyi aşılayırdı. Onun əsərləri hələ neçə-neçə nəsillər üçün işıq olacaq.
Sonra “Xurşidbanu Natəvan” tamaşası nümayiş olunub.
Səhnə əsərinin bədii rəhbəri və quruluşçu rejissoru mərhum Xalq artisti Azər Paşa Nemətov, rejissoru Mehman Fətullayev, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi və işıq rəssamı Rafael Həsənovdur. Tamaşada Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar iştirak ediblər.