1918-ci ilin 28 mayında qurulan, cəmi 23 ay ömrü olsa da, tariximizdə müstəsna əhəmiyyətli izlər qoyan Azərbaycan Xalq Cümhuriyyəti 106 yaşına çatdı. Cümhuriyyətin varisi olan Azərbaycan Respublikası ən böyük gününü – İstiqlal bayramını artıq dördüncü ildir sərhədlərinin bütövlüyünü təmin etmiş, suveren haqlarını, güc və qüdrətini dünyaya nümayiş etdirmiş dövlət olaraq qeyd edir.

1991-ci ildə müstəqilliyini bərpa edəndə Azərbaycanın ərazi bütövlüyünə qəsd başlanmış, sərhədi pozulmuş, Vətənin bağrına – Qarabağa düşmən əli uzanmışdı. Ötən illərdə Azərbaycanın İstiqlal gününü hər dəfə qeyd edəndə – dövlətimizin qazandığı bir çox uğurlara rəğmən – içimizdə bir natamamlıq vardı. Ərazimizin beşdə biri qədər natamamlıq...

2020-ci ilin Zəfər soraqlı 44 günü ərazi bütövlüyümüzü təmin etməklə bərabər, bu natamamlıq hissini də içimizdən çıxardı...

Dövlətimizin ən böyük gününü  indi o Zəfərin ruhu ilə qeyd edirik... Bu günü 106 il əvvəl tariximizə bəxş edən, yox yerdə bir dövlət quran işıqlı, vətənsevər, fədakar insanları bir daha minnətdarlıqla yad edirik...

İlk çağındaydı gözəl mövsimin,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi Mayısın,
Azərbaycan istiqlalə ermişdi...

Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə onun süqutundan illər sonra nisgilini belə ifadə etmişdi. Amma gələcəyə ümidini də itirməmişdi. 1918-ci ildə səpilən istiqlal toxumunun bir gün yenə cücərəcəyinə inanırdı...

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda
Əlbət bitər bir yeni Azərbaycan.

“Biz Azərbaycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cümhuriyyətinin varisiyik. Onların işinin davamçısıyıq – ancaq yeni şəraitdə, yeni zamanda. Bu müstəqillik Azərbaycan xalqının istiqlal arzusu ilə yaşayan vətənpərvər insanlarına, 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli və bir çox başqalarının yaratdığı Xalq Cümhuriyyətinə bizim tərəfimizdən, bugünkü nəsillər tərəfindən ucaldılmış böyük bir abidədir. Biz Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik”.

Ulu öndər, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev bu sözləri 1998-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş mərasimdə demişdi.

İstiqlal hər bir millətin ən böyük və taleyüklü amalıdır. Amma gerçək istiqlal yolu, sadəcə, onun elan və dünyaya bəyan edilməsi ilə bitmir. İstiqlalı dövlətçilik təməli ilə möhkəmlətmək, həmin dövləti milli vətənpərvərlik yanğısı ilə qorumaq, yaşatmaq gərəkdir.

Heydər Əliyev Cümhuriyyətin varisi olan bugünkü Respublikanı qorumaq üçün misilsiz xidmətlər göstərdi, Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi.

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqi və Türk dünyası tarixində birinci Respublika idi.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır... Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər... Müstəqillik ən böyük sərvətimiz, ən böyük nemətimiz, ən böyük xoşbəxtliyimizdir”, – Prezident İlham Əliyev bu sözləri Cümhuriyyətin 100 illik yubiley mərasimində bildirmişdi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun rəşadəti, şəhid və qazilərimizin canı-qanı bahasına qazanılan Zəfərdən sonra həmin sözlər indi daha böyük anlam kəsb edir.

İstiqlal bayramımız mübarək!

Müstəqilliyimiz əbədi, sərhədlərimiz hər zaman bütöv olsun, dövlətçiliyimiz heç zaman sarsılmasın!...

Vüqar ORXAN