M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru geniş konsert proqramı ilə çıxış edib.
Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə dahi alman bəstəkarı Lüdviq van Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən səslənib.
2024-cü il bu ölməz əsərin bütün dünyada ən nüfuzlu orkestrlərin ifasında səsləndiyi bir il kimi yadda qalacaq. Çünki əsər ilk dəfə 200 il əvvəl (1824) məhz may ayında bəstəkarın özünün dirijorluğu ilə Vyanada ifa olunub. Bu səbəbdən 2024-cü il 9-cu simfoniyanın premyerasının yubiley ili kimi bütün musiqi ictimaiyyəti üçün əlamətdardır.
Bu əsər L.Bethovenin həyatının elə illərində yazılıb ki, (1822-1824) bəstəkar təbiətdə və kainatdakı bütün səslərdən məhrum olmuşdu və sadəcə öz daxili dünyasındakı musiqini eşidirdi. Bütün həyatını, sağlamlığını həsr etdiyi ümumbəşəri musiqini...
Bu klassik dörd hissəli simfoniya, eyni zamanda bəstəkarın son simfoniyası bir xüsusiyyəti ilə musiqi tarixində yeni bir yol açır. Dahi Bethoven ilk dəfə simfoniyaya insan səsi, yəni xor əlavə edir. Hələ gənclik illərindən yaradıcılığına, xüsusilə də poeziyasına heyran olduğu F.Şillerin “Sevincə doğru” şeirini öz kosmik musiqisi ilə simfoniyanın sonuncu hissəsinə “hörür”.
İki dahi insanın yaradıcılığından bir parça olan bu əsərə Opera və Balet Teatrının kollektivinin müraciət etməsi və geniş ictimaiyyət qarşısında səsləndirməsi böyük cəsarətdir.
Bu konsert həm də Respublika Gününə həsr olunması ilə əlamətdar, xüsusi bir məna qazanmışdı. Bu tarixi gün münasibətilə bu tarixi əsərin səslənməsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinin və kollektivinin möhtərəm addımı kimi qiymətləndirilməlidir.
Şübhəsiz ki, bütün cəsarətli addımların arxasında peşəkar komanda işi dayanır. Bu uğurlu və unudulmaz işin öhdəsindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoruna, xormeyster, Əməkdar İncəsənət xadimi Sevil Hacıyevaya, solistlərə - Fatimə Cəfərzadə (soprano), Elmina Həsənova (mezzo-soprano), Əliəhməd İbrahimov (tenor), Anton Ferştand (bariton) və dirijor kürsüsündə bir saata yaxın bu təkrarsız ifanın memarı olan Əməkdar artist Əyyub Quliyev böyük məharətlə gəldilər.