Mayın 30-da Azərbaycan Dövlət Rəsm Qalereyası və “ArtCardio”nun birgə təşkilatçılığı ilə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gender əsaslı zorakılıq qurbanları üçün reabilitasiya və reinteqrasiya mərkəzində ustad dərsləri keçirilib.
“Arzulara toxunaq!” adlı tədbir 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə gerçəkləşib. Aksiyanın məqsədi valideyn himayəsindən və qayğısından məhrum uşaqlar arasında incəsənətə maraq yaratmaqdır.
Qalereyanın direktoru Gülşən Qəribli və “Təmiz Dünya” İB nəzdindəki adıçəkilən mərkəzin rəhbəri Mehriban Zeynalova çıxış ediblər.
Sonra peşəkar rəssam və dekorativ-tətbiqi sənət ustalarının iştirakı ilə ustad dərsləri aparılıb. Uşaqlara rəngkarlıq və dekorativ-tətbiqi sənət nümunələrinin yaradılmasının üsul və texnikaları haqqında məlumat verilib, yaradıcılıq prosesi əyani nümayiş etdirilib.
Dərslərdən sonra musiqili proqram, müxtəlif oyun və şoular təqdim olunub. Dərslərdə fəal iştirak edən uşaqlara hədiyyələr və sertifikatlar verilib.