Bakı şəhəri uşaq musiqi və incəsənət məktəblərinin iştirakı ilə yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, şəhər sakinləri və qonaqların zövqünü oxşayan “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirmələri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

Silsilə tədbirlərin açılış konserti 28 May – Müstəqillik Günündə paytaxtdakı Fəvvarələr meydanında olub.

İyun ayında davam edəcək layihədə Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbi şagirdlərinin iştirakı planlaşdırılır.

Dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün imkan yaradır. Paytaxtımızda da daha öncə belə tədbirlər təşkil edilib.

Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək layihə reallaşdırılır.