Şuşa Dövlət Musiqili Dram Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” lirik-psixoloji dramı əsasında hazırlanmış tamaşa ilə qubalı teatrsevərlərin qonağı olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təqdim olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Azad Məmmədovdur.
ADPU-nun Quba filialının direktoru Yusif Alıyev bildirib ki, tamaşa Xalq yazıçısı, dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illiyi ilə əlaqədar nümayiş olunur.
Səhnə əsərində Əməkdar artistlər Nazir Rüstəmov və Azad Məmmədov, həmçinin Zəhra Salayeva və Püstəxanım Zeynalova rol alıblar.
Tamaşa tələbə və müəllim kollektivi tərəfindən maraqla qarşılanıb.