Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 3–9 iyun tarixlərində Qazaxıstanda keçiriləcək postsovet ölkələri gənclərinin V Teatr Forumunda iştirak edəcək.
Teatrşünaslar, dramaturqlar və teatr rəssamlarının qatılacağı forumda gənc rejissorlar da öz tamaşalarını təqdim edəcəklər. Forumda Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Sahib Əhmədov, Səbinə Haqverdiyeva, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edəcəklər.
Forumda (7 iyun) K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunacaq.
Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki (Sevinc), Əməkdar artist Füzuli Hüseynov (Tərlan), aktyorlar İlahə Həsənova (Maral), Elçin Əfəndi (Fərhad), Elsevər Rəhimov (gənc Tərlan), Lalə Süleymanova (gənc Sevinc) canlandırırlar.
Forum çərçivəsində Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının görüşü də keçiriləcək. Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini icra edən Xalq artisti Hacı İsmayılov iştirak edəcək.