“Yassı ada” məhkəmələrində müxtəlif təzyiqlərə, insanlıqdan utandıran təhqirlərə, işgəncələrə məruz qalan üç dövlət xadimimizin hər birinin adı millətimizin qəlbinə şəhid, milli qəhrəman kimi yazılıb. Bu xalq mərhum Adnan Menderes və dostlarını minnətdarlıq, edamına mane ola bilmədiklərinə görə bir az da xəcalət hissi ilə xatırlayacaq. Aradan 64 il deyil, əsrlər keçsə belə, bu çevrilişi edənləri unutmayacağıq, bağışlamayacağıq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu sözləri mayın 27-də Türkiyənin “Demokratiya və azadlıqlar adası” adı verilən “Yassı ada”da çıxışı zamanı deyib.

“Türkiyə əsri konstitusiyası, mülki konstitusiya, güclü Türkiyə” mövzusunda simpozium 1960-cı il mayın 27-də baş verən və baş nazir Adnan Menderes, xarici işlər naziri Fatih Rüştü Zorlu və maliyyə naziri Hasan Polatkan ilə birlikdə 15 nəfərin edam edilməsi ilə nəticələnən dövlət çevrilişinin ildönümünə həsr olunub.

Həmin çevrilişin addım-addım həyata keçirilən təxribatın nəticəsi olduğunu vurğulayan Ərdoğan edam edilən bu şəxslərin rəhbərliyi altında on il idarə edilən Türkiyə dövlətinin o vaxtlar mühüm işlərə imza atdığını, bu hadisədən sonra isə Türkiyə siyasətinin uzun illər qarışıqlıq, qeyri-sabitlik və özünə inamsızlıq burulğanından xilas ola bilmədiyini deyib.

Çevrilişlər kimi ölkəni qarışdıracaq hadisələrin dövrünün artıq başa çatdığını vurğulayan Türkiyə Prezidenti yeni konstitusiya ilə bu günədək əldə edilən bütün uğurları daha da irəliyə aparacaqlarını deyib.

Qeyd edək ki, Türkiyədə hazırda qüvvədə olan konstitusiya 1980-ci il dövlət çevrilişindən sonra qəbul olunub.