Gəncə Dövlət Milli Dram Teatrı ilə Rumıniyanın Krayova şəhər "Marin Sorescu" Milli Teatrı arasında imzalanmış əməkdaşlıq və yaradıcılıq memorandumuna əsasən, teatrın direktoru Aqil Bəhramlı və teatrın aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan üzrə təmsilçisi Yusif Cəfərov XIV Beynəlxalq Şekspir Festivalında fəxri qonaq kimi iştirak ediblər.

26-26 may tarixlərini əhatə edən festivala 16 ölkədən 30-dan çox teatr kollektivi qatılıb.

Sənət bayramında ümumilikdə 300-dən çox tamaşa nümayiş olunub. Teatr  təmsilçilərimiz 10 gün müddətində festivalda iştirak edən dünyaşöhrətli teatr rejissorları Robert Vilson, Robert Lepaj, Silvu Purcarete ilə, eləcə də  Rumıniyanın Teatrlar Birliyinin sədri Dragan Buhagiarla və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və bir sıra teatr xadimləri ilə görüşlər keçiriblər.

Onu da qeyd edək ki, adıçəkilən festivalda ölkəmizi təmsil edənlər sırasında Akademik Rus Dram Teatrının direktor müavini, Əməkdar mədəniyyət işçisi İlham Məmmədov və rejissor Tural Vaqifoğlu da yer alıb.