Yerlərdə 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Günü müxtəlif tədbirlərlə qeyd olunub.

Xəbər verdiyimiz kimi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası 30 may – 1 iyun tarixlərində Qəmbər Hüseynli adına I “Cücələrim” uşaq festivalı keçirib.

Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil idarələrinin təşkilatçılığı ilə reallaşan festivalın əsas məqsədi uşaqların musiqi dünyasının zənginləşdirilməsi, uşaq mahnılarını təbliğ etməkdir.

Festival çərçivəsində Qəmbər Hüseynlinin heykəlinin önündə uşaq mahnılarından ibarət konsert proqramı təşkil olunub.

Konsertdə Gəncə şəhər Uşaq incəsənət məktəbi, Gəncə şəhər 1, 2, 3, 4 və 5 nömrəli Uşaq musiqi məktəbləri, Daşkəsən Uşaq incəsənət məktəbi, Naftalan, Goranboy, Samux, Göygöl Uşaq musiqi məktəblərinin iştirakı ilə Qəmbər Hüseynlinin "Cücələrim", "Ay işığında", "İlk məhəbbət", Fikrət Əmirovun "Rəqs", "Skertso", Tofiq Quliyevin "Bağçamız", "Əziz surət", Arif Məlikovun "Lirik mahnı", Polad Bülbüloğlunun "Şən Azərbaycan" mahnıları səsləndirilib.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə bayram tədbiri keçirilib. Uşaqlar mahnı və şeirlər səsləndirərək musiqi sədaları altında rəqs ediblər.

Salyan Dövlət Rəsm Qalereyası və "Murad" Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Bizim dünyamız" adlı yaradıcılıq sərgisinin açılışı olub. Salyan Dövlət Rəsm Qalereyasında keçirilən mərasimdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək onlara göstərilən diqqət və qayğıdan danışıblar.

Qeyd edilib ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlardan sonra qalereyanın ekspozisiya zalında açılan sərgiyə baxış olub. Sərgidə "Murad" Əlillər İctimai Birliyinin 15 nəfərdən çox fiziki məhdudiyyətli uşağın 60-dək rəsm əsəri və dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunub. Uşaqlar yağlı boya, akvarel, akril, quaş, qrafika və başqa texnikalardan istifadə etməklə tarixi Zəfər, yaşıl dünya, təhsil dünyası, flora, fauna və digər mövzularda mənzərə, natürmort, portret janrlarında rəsm əsərlərini təqdim ediblər. Sonra fiziki məhdudiyyətli rəssam uşaqlara fəxri fərmanlar təqdim olunub.

Salyan Tarix-Diyarşünaslıq Muzeyində 30 may-1 iyun tarixlərində uşaqlar üçün "Açıq qapı" günləri təşkil edilib. Bundan əlavə "Sizinlə gələcək gözəldir" başlığı altında tədbir keçirilib. Tədbirdə uşaqlarla müxtəlif oyunlar və əyləncələr təşkil olunub, hədiyyələr verilib. Sonda uşaqlardan ibarət fləşmob keçirilib.

Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyi "Şən uşaqlar" adlı tədbir təşkil edib.

***

Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı ilə Quba rayon MKS Mərkəzi Kitabxananın Uşaq şöbəsi tərəfindən "Xoşbəxt uşaqlar" adlı tədbir keçirilib. Tədbir çərçivəsində uşaqlar şeir söyləyib, rəqs ediblər. Balaca fidanlara bayram münasibətilə hədiyyələr təqdim edilib. Kitabxanada keçirilən tədbir "Quba meydanı" adlanan parkda davam etdirilib.

Siyəzən rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə "Dünyanın bəzəyi uşaqlar" adlı tədbir keçirilib. Uşaqların müdafiəsi, hüquqları ilə bağlı dövlət qayğısı, onların dinc və sülh şəraitində böyüməsi, təhsil və sağlamlıq qayğılarının daima dövlətimizin diqqət mərkəzində olması ilə bağlı çıxışlar səsləndirilib. Siyəzən şəhər 2 və 5 saylı tam orta məktəblərinin şagirdləri "Naz eləmə" və "Günəş" rəqslərini ifa ediblər.

***

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzində “Uşaqlar dünyamızın gülər üzüdür” adlı tədbir təşkil edilib.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan RMİ-nin rəisi Vasif Qurbanzadə çıxış edərək uşaqları bayram münasibətilə təbrik ediblər.

Daha sonra Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi şagirdlərinin ifasında əlamətdar günə həsr edilən konsert proqramı təqdim olunub.

***

Mərkəzi Aran RMİ, Mingəçevir Dövlət Dram Teatrı və Şəki-Zaqatala RMİ-nin birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə tədbir keçirilib.

Mingəçevir Dövlət Dram Teatrında gerçəkləşən tədbirdə çıxış edən Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, Şəki-Zaqatala RMİ-nin rəisi vəzifəsini icra edən Nargilə Qafarova və teatrın direktoru İntiqam Soltan bu gün münasibətilə uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan bəhs ediblər.

Tədbir Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbinin və Şəki şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin müəllim kollektivinin ifasında səsləndirilən milli musiqi nömrələri və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.

***

Zəngilan rayon MKS-nin Uşaq şöbəsi (Bakı şəhəri) və Bakı şəhəri Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli məktəbin əməkdaşları Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar tədbir keçiriblər. Tədbirdə istedadlı uşaqların ifasında konsert proqramları və rəqslər nümayiş etdirilib.

***

Mil-Muğan RMİ və Mil-Muğan RTİ-nin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə konsert keçirilib. Tədbirdə Mil-Muğan RTİ-nin rəisi Rəşad Musayev, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, Mil-Muğan RGİİ-nin rəisi Nadir Quliyev, mədəniyyət, təhsil işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər. Konsert proqramında Saatlı şəhər Bülbül adına Uşaq musiqi məktəbinin xor kollektivi, Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagirdlərdən ibarət müxtəlif çalğı alətləri ansamblları çıxış ediblər. Eyni zamanda Sabirabad rayon uşaq baxçaları uşaqlarının hazırladıqları bir-birindən maraqlı, rəngarəng musiqi və rəqs nömrələri nümayiş olunub.

Mil-Muğan RMİ-nin İmişli rayonu üzrə fəaliyyət göstərən mədəniyyət müəssisələrində “Uşaqlar bizim gələcəyimizdir”, “Hər uşaq bir dünyadır”, “Yaşıl dünya uşaqların gözü ilə” adlı tədbirlər keçirilib. Tədbirlərdə İmişli şəhər Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin, eyni zamanda rayonun ümumtəhsil məktəbləri şagirdlərinin ifasında rəngarəng musiqi, rəqs nömrələri nümayiş olunub, müxtəlif nağıl qəhrəmanlarının obrazları canlandırılıb, rəsm sərgisinə baxış olub.

***

Əlamətdar gün münasibətilə Qazax-Tovuz RMİ-nin təşəbbüsü ilə Qazax, Ağstafa və Tovuzda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin konsert proqramı təşkil olunub.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar ilk olaraq mərkəzin foyesində sərgilənən rəsm və kitab sərgisi ilə tanış olublar.

Konsertdə uşaq musiqi məktəblərinin istedadlı yetirmələri bir-birindən maraqlı, şən musiqi və rəqs nömrələri təqdim ediblər.

***

Lerik rayon Heydər Əliyev Mərkəzinin  təşkilatçılığı ilə şəhər 1 saylı körpələr evi-uşaq bağçasında keçirilən tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin uşaqlara sonsuz sevgi və məhəbbətindən, qayğısından söhbət açıblar. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

Masallı Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Dünyamızı qoruyaq” adlı  rəsm sərgisi keçirilib. Açıq səma altında təşkil olunan sərgidə yeniyetmə rəssamların müxtəlif mövzularda əl işləri nümayiş etdirilib.

Hazırladı: N.Məmmədli