AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə elmi müəssisənin əməkdaşı Səadət Nəsirovanın transfoneliterasiya edib nəşrə hazırladığı “İkinci il: əlifba təlimindən sonra oxunan birinci kitab” dərsliyi çapdan çıxıb.

İnstitutdan bildirilib ki, 15 bölmədən ibarət bu kitab adını Azərbaycan maarif tarixinə əbədi həkk etdirmiş görkəmli pedaqoqlarımızın birgə hazırladıqları “İkinci il”: əlifba təlimindən sonra oxunan birinci kitab” (1921) dərsliyinin transfoneliterasiya olunmuş variantıdır. Kitabın içindəkilər “Məktəbdə”, “Evdə”, “Külfətdə”, “Ev heyvanları”, “Nəbatat”, “Mədənlər və daşlar”, “İnsan”, “Fəsillər” və digər bu kimi mövzular bölmələr üzrə qruplaşdırılıb. Bu bölmələrdə başlıq adlarına uyğun olaraq Azərbaycan, eləcə də dünya ədəbiyyatından müxtəlif hekayə və şeirlər təqdim olunub, maraqlı məlumatlar verilib. Dərsliyə daxil edilən nəzm əsərlərinin əksəriyyəti milli uşaq ədəbiyyatımızın yaranmasında misilsiz xidmətləri olan Abdulla Şaiqə məxsusdur.

Yeni nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru Əzizağa Nəcəfzadə, elmi redaktoru görkəmli əlyazmaşünas Mustafa Mailoğludur.