Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor Mustafa Aşurov) 28 May – Müstəqillik Gününə həsr olunan konsert proqramı keçirilib.
Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri təqdim olunub. Xalq artisti Gülyanaq Məmmədova, BMM-in solisti Rəvanə Qurbanova, Cahangir Cahangirov adına Xor və digər solistlərlə birgə təqdim olunan əsərlər tamaşaçıların alqışları ilə qarşılanıb.
Qeyd edək ki, Xalq Çalğı Alətləri Orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılıb. Bununla nəinki Azərbaycanda, bütün Şərq aləmində professional notlu xalq çalğı alətləri orkestrinin əsası qoyulub. Uzun illər Azərbaycan Radiosu və Televiziyasının musiqi kollektivi olmuş orkestr 2023-cü ildən BMM-in tərkibində fəaliyyətini davam etdirir.