Neftçala rayon Xanoğlan Məmmədov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Məhəmməd Füzulinin (1494–1556) 530 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə keçirilib.
Neftçala şəhər Camal İsmayılov adına Uşaq incəsənət məktəbində təşkil olunan gecədə Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yerindən bəhs olunub. Qeyd edilib ki, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkar hərtərəfli biliyə malik mütəfəkkir kimi həyata, insana dərin məhəbbət aşılayıb. O, anadilli poeziyanın mükəmməl nümunələrini yaradaraq Azərbaycan ədəbi dilini daha da zənginləşdirib.
Şairin qəzəllərindən nümunələr səsləndirilib, muğam və təsniflər, “Leyli və Məcnun” operasından parçalar təqdim edilib. Məktəblilərin ifasında şairin “Meyvələrin söhbəti” əsərindən səhnəcik nümayiş etdirilib.