Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
BXA-nın rəhbərliyi, müəllim və şagird heyətinin iştirak etdiyi tədbir Dövlət Himni ilə açıq elan olunub. Sonra videoçarx nümayiş etdirilib. Videoçarxda Ümummilli lider Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən kəlamları səsləndirilib: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır!”.
Şagirdlərin ifasında şeirlər səsləndirilib, rəqs kompozisiyaları nümayiş etdirilib, mahnılar ifa olunub.
Tədbir çərçivəsində tam orta təhsil pilləsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə keçirilmiş bədii qiraət müsabiqəsinin qaliblərinə təşəkkürnamələr təqdim edilib.