Laçınlar oylağında yüz il timsallı bir gün
İstedadlı rejissor, dağlar oğlu Amil Amalın “Laçına dəvətlisiniz” mesajından sonra “Evlənmək istəyirəm” filmindən (və Ramiz Rövşənin qələmindən) bu məşhur mahnı sözləri dilimdə əzbər olmuşdu. Dəvəti aldığım gündən elə bil oralardaydım. Ömrümdə olmadığım yerlərə gedəcəkdim. Laçınlı tanışlarımın vəsfindən doymadığı, ailə yaxınımızın “Laçın” deyə-deyə bu dünya ilə vidalaşarkən belə “Ağanusun suyundan başıma çəksəm, düzəlləm” (səfərdə öyrəndim ki, Laçında bulaq adıdır və mənası da tez, sürətli axandır) təsviri gözlərimdə canlandı...
Bizi Laçına aparacaq mikroavtobuslar metronun “İnşaatçılar” stansiyasının yaxınlığında dayanmışdılar. 24 may gecə saat 2-də artıq hamı orada idi: Laçından, cənnət Qarabağdan olan-olmayan tanıdığım əksər jurnalistlər, yazıçılar, media təmsilçiləri. Uzaq yolda belə simalarla birgə olmaq lap mükafatdır.
Yolboyu ədəbiyyatdan, mediadan, tarixdən, yaxın-uzaq hadisələrdən danışa-danışa dağlar arxasındakı Laçına gedirik. İki laçınlı da yanımızda. Yurdunu səssiz-səmirsiz sevən Təranə Vahid və onun əksinə dil boğaza qoymadan Laçın haqqında danışan Şərif Ağayar. Sağ olsunlar, bizi yüyrək nağıl dili ilə çoxdan Laçına “çatdırmışdılar”.
Yol uzunu dəlisov Həkərinin şırıltısı həyatın qaynadığını göstərən texnikaların uğultusuna qarışdıqca adam elə bilir ki, dünyanın hansısa nəhəng bəstəkarı yeni bir musiqi əsəri yazır. Ana təbiət adlı böyük orkestr onun qoynuna atılanlara qoşulub bizi öz ladına kökləyir.
Laçına çatmışıq artıq. Tədqiqatçı jurnalist Müsəllim Həsənov ani yuxuya getsə də, Şərif bəyin qaltanlı səsi onu yenidən oyadır və son “intiqamı” ağır olur. Açıq pəncərədən sola boylanaraq “Şərif, sənin Həkərin budur?” sualı ilə maşındakıları qəhqəhəyə qərq edir...
Hamı uşaq kimi sevinir, deyib-gülür. Qalib, məmnun bir səs tonuyla ən yaxın tarixi vərəqləyir, hadisələri analiz edirik. Arxadan kimsə “Bu da Laçın dəhlizi” deyib qondarma xuntanın başçılarının həbs olunduqları əraziləri nişan verir. Gözucu maşındakılara baxıram. Hərə başqa bir qürurla parıldayan gözlərini o nöqtəyə zilləyir.
Başqalarını bilmirəm, mən hər dəfə işğaldan azad olunmuş ərazilərə gedəndə ağır və cavabsız suallarla üz-üzə qalıram. Yolboyu rayonları, kəndləri, viran qoyulmuş evləri, izi itmiş cığırları, uçurulmuş məzarlıqları, kötüyü qalmış çinar, palıd, küknar ağaclarını, küskün axan çayları gördükcə bədnam qonşularımızın vəhşiliyinin miqyasından heyrətə gəlirəm...
Çiçəkləyən nar ağaclarına ötəri nəzər salan sürücü “Mən bura 2021-ci ildən gəlib-gedirəm. O vaxtdan elə bil ağaclar tez böyüyüb qol-budaq atır, ildən-ilə daha bar-bəhrəli olurlar. Qəribədir, sanki ağaclar da küsmüşdülər”, – deyə gülümsəyir. Bir qədər sonra maşını “Laçın” yazılan lövhənin qənşərində saxlayıb “Bu da Laçın! Buyurun. Bulaq suyu içmək istəsəniz, bir az yuxarı qalxın. Buz kimi suyu var. Amma çox içməyin. Öyrəşməmisiz, soyuqlayarsız” deyir. Onun qayğıkeş xəbərdarlığı Laçında bulaq suyuna təşnə yol yoldaşlarımın heç vecinə də olmadı. Hər kəs ovuclarını kuzə edərək sudan doyunca içdi.
Laçına mənim kimi ilk dəfə gələnlər də, həsrətindən ürəyində qubar olan laçınlılar da eyni ovqatda idi: kövrək, duyğulu. Yazıçı, jurnalist Təranə Vahidin “Atamın ruhuna ehsan...” deyib göz yaşları ilə qurtumladığı bulaq suyu qəhərdən mənim boğazımda düyünləndi. Dolub-boşalan buludlar da elə bil ona qoşulmuşdu. Beləcə, təcrübəsiz qonaqlar yağışa tutulub yaxşıca islandı. Bundan gözəl nə ola bilər?! Ayıldıq. Daha doğrusu, xumarlandığımız Laçın, laçınlı yuxumuzdan xoşbəxt oyandıq...
Yol bizi əvvəl Laçın seyrəngahına apardı. Sonra hamılıqla bizi Laçına qonaq edən səbəb üçün – “Xalça belə yarandı” sərgisinə tamaşaya durduq.
Gün günortanın yerinə gəldikcə adamlar Həkəri sahilində salınan Laçın bulvarına axışırdılar. Geniş çəmənlikdə bakılı-laçınlı xeyli sayda insan vardı. Budur, yağış bir qədər fasilə verir. Buludları “qovan” günəş gözlərimizi qamaşdırır. Həkəri üzərindəki parıltı hamımızı sahilə çəkir. Çayın üzərindəki körpü iki düşüncə arasında – “bu nağıldır, yoxsa gerçək?”də var-gəl edənləri aramla yırğalayır.
Budur, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə “Xalça belə yarandı” adlı layihə çərçivəsində tədbir başlayır. Bildirilir ki, Laçından 10 yaşında çıxmağa məcbur qalan Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin şəxsi kolleksiyasındakı qədim xalça nümunələri təqdim edilir.
Amma tədbirin əsas ideyası xalça nümayişi yox, onun necə araya-ərsəyə gəlməsinə işarə vurmaq idi. Bu layihədə ecazkar təbiətə malik Laçın torpağında, Həkəri çayının sahilində – çobanın yaylaqda qoyun otarması, qoyunun qırxılması, yunun daranması, əyrilməsi və boyanmasından başlayaraq, xalçanın toxunmasına qədər bütün proses mərhələ-mərhələ təqdim olunurdu.
Tədbir boyu müəllifin eskizləri ilə toxunan xalçalarla yanaşı, biz xalçanın kəsilməsi prosesini da izləmək imkanı qazandıq. “Laçın zirvəsi” adlı xalçanın dəzgahdan kəsimi təntənəli şəkildə qeyd edildi.
Tədbirdə müəllifin digər əsəri, bənzərsiz “Ata vəsiyyəti – oğul zəfəri” adlı xalçasının da təqdimatı oldu. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin təsvir olunduğu xalçanın əsas özəlliyi onun ikitərəfli toxunmasında idi və buna görə də izləyicilər tərəfindən böyük maraqla qarşılandı.
Qurulan hanalar, yun daraqları, cəhrə, əlçim-əlçim qalaqlanmış didilmiş yunlar, sapların rənglənməsi üçün ocaq üstündəki qazanlar, ipə-sapa yatmayan atları zorla ram edən çaparlar, arxalığını otların üzərinə sərib özünü günə verən çoban hamımızı təbiət adlı böyük xalıya bir “naxışa” çevirməyə çalışdı. Hələ o yanda naz ilə “zümzümə edən” samovarların dəmkeşlərində Laçın kəklikotusu ilə hazırlanan çayın ətrini demirəm. Allah-Allah, bütün bu mənzərə adama astaca “Ölüb qallam burda mən, Torpaq ollam burda mən...” dedirdirdi.
Bəzənmiş meydanda böyük səhnə də qurulmuşdu. İlk olaraq Azərbaycan xanımına məxsus mehribanlıq və qonaqpərvərliklə hər kəsə ayrı bir sevgi göstərən jurnalist Lalə Əliyeva səhnəyə çıxdı. Özünü “Bakı Abadlıq Xidməti İctimaiyyətlə əlaqələr şöbəsinin fəhləsi” kimi təqdim edərək tədbir haqqında hamımıza ətraflı məlumat verdi bu zəhmətkeş müdir xanım.
Qısa zamanda Laçında görülən işlər, ona yenidən can verən Laçın kimi vüqarlı oğul və qızların gördükləri işlərdən də danışdı. Sonra dilli-dilavər, cazibədar və peşəkar aparıcı Rövşanə Ağasəfqızının şaqraq səsi Həkəriyə qoşulub qulaqlarımızda cingildədi. Xalça bəhanəli tədbirdə aşıqların, muğam və estrada ifaçılarının şən nəğmələrində ruhumuz dincəldi.
Tədbirdə fürsət tapıb laçınlı məşhur Yusif dayı ilə də tanış oldum. Hamımızı çətirlərimizin altında gizlədən, arabir kəssə də sonradan öz sevincini belə ifadə edən yağışa meydan oxuyurmuş kimi dik dayanmışdı. 75 yaşını qovuşduğu Laçınında yola salan qəhrəmanımın uca boyuna, şax qamətinə, yaşına inad şuxluğuna tamaşa edib sevinirdim. Onun dağ havasında daha da allanan yanağı, iri, qabarlı əlləri, işıldayan gözləri, az qala dağların əksi hopmuş geniş alnına baxdıqca “Xar olasan, yağı. Bu adamları illərlə necə pərən-pərən saldın öz yurdundan!” sualında nəfəsim təntidi. O, şaqraq səsi ilə dağlardan, dərələrdən, sayını özünün də itirdiyi bulaqlardan, dağlarda bitən fərqli müalicəvi bitkilərdən – kəkotulardan, nanələrdən, yarpızlardan, itburnudan, turşəngdən, çaşırdan... danışdıqca mən “Ya Rəbb, nə yaxşı bu qədər vaxt Laçınsız ürəyi partlamayıb. Dağdan Arana köçdə, Hacıqabulun istisində bağrı çatlamayıb!” deyib ürəyimdə dəfələrlə şükür elədim.
O, deyəsən, özü yaddaşının Laçınsız hissəsini silmişdi: “Mən elə bilirdim ta yaşamaram. Vallah, ölüm haqlamışdı. Amma Laçına gəldim dirildim. Cavanlaşdım e. Daha mənə ölüm yoxdu. Buradakı qoca, cavan insanlara qoşulub mən də gözəl rayonumuzun yeni dövrünü görəcəm. Bura Laçın alınan kimi gəldim və daha getmək fikrim yoxdu. Allah da göstərməsin. Prezidentimiz, dövlətimiz, ordumuz sağ olsun. Laçın biz laçınlıların yox, hər kəsin doğma elidir. Çünki bu torpaqlar uğrunda xeyli qəhrəman oğlumuz şəhid olub”.
Hiss elədim, kövrəldi, bir az dayandı. Söhbətin axarını dəyişmək üçün soruşdum:
– Yusif dayı, hamı buranın kəkotusunu mədh edir. Deyə bilərsiniz, Laçın kəkotusunun Naxçıvan, Daşkəsən, Gədəbəydə bitənlərindən fərqi nədir?
Gülümsündü. Əlindəki kəhrəba təsbehi bir az da sürətlə, şıqqıltısı eşidiləcək qədər çevirə-çevirə:
– Bax indi bildim ki, yaxşı çay içənsən. Amma sən arada kəklikotunu ayrıca dəmlə iç. Fərqi biləcəksən. Bizim kəklikotular hamısından fərqlidir. Amma gərək yaxşısını tanıyasan. Əsl kəklikotunu gül açandan sonra yığmalısan. O növü də lap yuxarılarda, əl-ayaq dəyməyən yerlərdədir.
Elə “Ay Yusif dayı, yəqin cavanlıqda dediyiniz əl-ayaq dəyməyən yerlərdə çox gəzmisiniz. Baxmayın, indi yaşınız-başınız imkan verməz” demişdim ki, güllə kimi açıldı. Təsbehini pencəyinin cibinə atıb əlini-əlinə vurub üzünü bayaqdan ona maraqla qulaq asan həmyaşıdına tutub “İndi bu qız mənə “qocalmısan, a Yusif deyir, hə” sualına cavab gözləmədən “Gəl ikimiz də, çox demirəm, eləcə bu təpəyə (uzun qollarını yolun solundakı əraziyə uzadır) çıxaq. 100 metr getsən, o da o yana dursun, məni ötüb keçsən, sənə bir qucaq kəkotu verəcəm” deyib üzümə baxanda güldüm. “Haqlısınız, mən təslim, Yusif dayı” deyərək ona heç 95 yaşında da qalib gəlməyəcəyimi etiraf elədim... Bura Yusif dayıdan sonra gələn dostu Şahin kişi mərcimizi eşidən kimi “A Yusif, çatana kəkotu söz verirsən. Bə maa niyə bir-iki yarpağını qıymırsan?” deyib dostunun gözünün içinə baxdı.
Yusif dayı qımışaraq “Ayə, onlar qonaqdı, sən buralı. Nə gəlib sənə, get yığ da, evin tikilsin” deyib məsələni kökündən həll elədi. Söz meydanını Şahin dayıya verdi. Laçına 10 ay əvvəl qayıdan həmsöhbətimdən gələndən həyatında nəyin dəyişdiyini xəbər aldım. O, titrək səsi ilə bircə kəlmə dedi: həyatım...
Başımız söhbətə elə qarışmışdı ki, bir də oynaq rəqs sədasına ayıldıq. Meydan şux rəqs edən insanlarla dolub-daşırdı. Hərə də, məncə, öz havasına – sevincinin ritminə uyğun oynayırdı. Mən də təzə dostlarım olan köhnə kişilərlə onlara qoşuldum. Yorulub əldən düşənədək rəqs elədik.
O an könlümdən kaş zaman dursun, Bakıya qayıtmayım. Bu sıldırım qayaların üzərində qartal kimi yuva salan Laçına, laçınlılara qoşulub burada qalım. Amma zaman bizi geriyə – Ana vətənin ürəyi Bakıya səsləyirdi.
Yolüstü dostumuz Amil Amalın yuvasına çevrilən “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonuna da uğradıq.
Bu vəsilə ilə qatı dumana təslim olmuş, axşam düşdükcə bir başqa əzəmətə bürünmüş Laçının dolanbac yallarında zamanla yarışaraq şəhərin ən hündür yerlərini də göz yaddaşıma köçürdüm. A.Amal “Hoçazfilm” haqqında sevgi ilə danışır, planlarını, böyük kino arzularını dilə gətirirdi. Onu dinlədikcə özlüyündə ana təbiətin möhtəşəm pavilyonu olan Laçında bircə daşı belə daş üstə qoyub, bir susamış ağaca da su verən hər kəsə Amilin simasında təşəkkür edib bu təbiət təntənəsi ilə yenidən görüşmək, özü də ən qısa zamanda görüşmək ümidi ilə sağollaşdıq...
Həmidə Nizamiqızı