Azərbaycan

 

3 iyun 1929 – Pianoçu, musiqişünas-pedaoqoq, Əməkdar müəllim Elmira Mirzəağa qızı Əliyeva (1929–2022) Bakıda doğulub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru olub.

3 iyun 2006 – Xalq artisti, teatr və kino aktyoru Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev; 1.1.1947 – 2006) vəfat edib. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

3 iyun 2006 – Xalq artisti, tanınmış vokal ifaçısı, aktyor Mobil Salman oğlu Əhmədov (10.9.1931 – 2006) vəfat edib. 40 ilə yaxın Musiqili Komediya Teatrında çalışıb, tamaşalarda əsas rolları ifa edib.

 

4 iyun 1926 – Əməkdar artist, xanəndə Fatma Yusif qızı Mehrəliyeva (1926 – 4.1.2000) Qubada anadan olub. Muğam, xalq və bəstəkar mahnılarının bənzərsiz ifaçısı kimi tanınıb. “Arşın mal alan” filmində (1945) Telli rolunu oynayıb.

4 iyun 1929 – Əməkdar artist, kamança ifaçısı Elman Kərim oğlu Bədəlov (1929 – 25.6.1991) Ağdamın Malıbəyli kəndində doğulub. Azərbaycan Televiziyası və Radiosu Xalq çalğı alətləri orkestrində fəaliyyət göstərib.

4 iyun 1939 – Əməkdar artist Vaqif Nəcəf oğlu Rəsulov (1939–2014) Bakıda doğulub. Sumqayıt Dövlət Dram Teatrı yaranandan (1968) bu teatrın aktyoru olub.

4 iyun 1944 – Əməkdar mədəniyyət işçisi, kinooperator Elman Əliverdi oğlu Əliyev (1944–2016) Bakıda doğulub. 30-dan artıq sənədli filmin operatoru, bədii filmlərin rəssam-fotoqrafı olub. 

 

5 iyun 1908 – Məşhur şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 1908 – 6.1.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. Qısa ömründə 10 şeir və poemalar toplusu nəşr olunub. Repressiya qurbanıdır.

5 iyun 1939 – Xalq şairi, dramaturq Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 – 28.1.2015) anadan olub. Lirik-fəlsəfi şeirlərin, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. Milli Məclisin deputatı (2000–2010) olub.

5 iyun 1941 – Görkəmli aktyor, Əməkdar artist Hamlet Bəbir oğlu Xanızadə (1941 – 3.2.1990) Bakının Şağan kəndində doğulub. “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, Akademik Dram Teatrında, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

 

6 iyun 1917 – Teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942–1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.

6 iyun 1929 – Əməkdar rəssam, heykəltaraş Münəvvər Məcid qızı Rzayeva (1929–2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızı), Ayna Sultanova, Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərinin müəllifidir.

6 iyun 1929 – Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar (1929 – 12.6.2021) Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.

 

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssamlardan Qeysər Seyfulla qızı Kaşıyeva (1893 – 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənətini Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.

7 iyun 1924 – Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 – 3.12.1996) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Rus Dram Teatrında direktor və bədii rəhbər işləyib. Teatr və televiziya tamaşalarında, filmlərdə (“Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) yaddaqalan rollar oynayıb.

 

Dünya

 

3 iyun 1875 – Fransız bəstəkarı Jorj Bize (Georges Bizet - Alexandre-Cesar-Leopold Bizet; 25.10.1838 – 1875) vəfat edib. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.

3 iyun 1924 – Yəhudi əsilli çex-alman yazıçısı, filosof Frans Kafka (Franz Kafka; 3.7.1883 – 1924) vəfat edib. Əsərləri:  “Bir xanımın xülasəsi”, “İtaətkarla söhbət”, “Çevrilmə”, “Qəsr”, “Kənd həkimi” və s.

3 iyun 1963 – Türk şairi, yazıçı-dramaturq Nazim Hikmət (15.1.1902 – 1963) Moskvada vəfat edib. Siyasi baxışlarına görə 1951-ci ildə SSRİ-yə mühacirət etmişdi. Əsərləri əsasında “Yaşamaq gözəldir, qardaşım”, “Bir məhəllədən iki nəfər” (“Azərbaycanfilm”), “Məhəbbətim mənim, kədərim mənim” (SSRİ-Türkiyə) filmləri çəkilib.

 

4 iyun 1882 – Rus teatr rejissoru Fyodor Komissarjevski (1882–1954) anadan olub.

 

5 iyun 1898 – İspan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898–1936) anadan olub. İspaniyada vətəndaş müharibəsində həlak olub.

5 iyun 1931 – Fransız kinorejissoru, “Yeni dalğa”nın nümayəndəsi Jak Demi (Jacques Demy; 1931–1990) anadan olub.

 

6 iyun 1599 – İspan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599–1660) anadan olub.

6 iyun 1606 – Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606–1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.

6 iyun 1799 – Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 – 10.02.1837) anadan olub. Əsərləri: “Yevgeni Onegin” (mənzum roman), “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Tunc atlı” (poema), “Boris Qodunov”, “Motsart və Salyeri” (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s.

6 iyun 1875 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875 – 12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.

 

7 iyun 1848 – Fransız impressionist rəssamı, qrafik və heykəltaraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848–1903) anadan olub.

7 iyun 1917 – İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin – Dino Paul Crocetti; 1917–1995) anadan olub.

Hazırladı: V.Orxan