Bu il ölkəmiz ilk dəfə Braziliyanın paytaxtında keçirilən Beynəlxalq milli mətbəx və mədəniyyət satış-sərgisində təmsil olunub.

Azərbaycanın Braziliyadakı Səfirliyindən bildirilib ki, diplomatik missiya rəhbərlərinin həyat yoldaşları qrupu və Braziliya Federal Dairəsinin (paytaxt Braziliya şəhəri və ətraf ərazilər) hakimiyyəti tərəfindən ənənəvi olaraq təşkil edilən budəfəki sərgidə 70-dən artıq ölkə təmsil olunub.

Braziliya şəhərinin İncəsənət Muzeyində keçirilən sərgini hər il minlərlə insan ziyarət edir.

Səfirliyimizin təşkilatçılığı ilə qurulan stenddə Azərbaycanda istehsal olunmuş qida məhsulları, çaylar, kosmetik vasitələr, eləcə də milli yeməklər və səfirliyin əməkdaşları tərəfindən xüsusi hazırlanmış suvenirlər təqdim edilib. Uşaqlar tərəfindən sərginin mədəniyyət proqramı çərçivəsində “Nəlbəki” rəqsi ifa olunub.

Stendimiz ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb, onlar burada xeyli alış-veriş ediblər.

Satış-sərgidən əldə edilən gəlirin bu il ölkənin Rio Qrande do Sul ştatında baş vermiş təbii fəlakətdən zərər çəkmiş yerli əhaliyə yardım üçün yönəldilməsi nəzərdə tutulub.