Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 1–2 iyun tarixlərində “Tərəkəmə Çərşənbəsi” V Beynəlxalq Folklor Festivalı keçirilib.
Ağsu rayonu Gəgəli kəndindəki “Tərəkəmə yurdu” folklor turizmi məkanında təşkil olunan festivala Bakı, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən folklor kollektivləri, yerli və xarici qonaqlar qatılıblar.
Açılış mərasimində “Miras” İB idarə heyətinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, birliyin idarə heyətinin üzvü tarix elmləri doktoru Şikar Qasımov, Dövlət Turizm Agentliyinin İsmayıllı Regional Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Ağsu RİH-nin şöbə müdiri Kənan Tacızadə, Gəgəli bələdiyyəsinin sədri Ülvi İsmayılzadə, Türkiyənin Qars bölgəsi tərəkəmələri adından Çətin Adıgözəl, İtaliyadan professor Luici Skrinzi, Gürcüstanın Borçalı tərəkəmələri adından professor Vüqar Əliyev çıxış ediblər.
Bədii hissədə Ağdamın “Nənə qızlar” ansamblının, Ağsudan aşıq Amil Bicolunun çıxışı dinlənilib. Bakı şəhəri İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar”, Qəbələnin “Gülüstan”, Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin “Veteranlar” folklor kollektivlərinin və digər çıxışlar alqışlarla qarşılanıb.
Qonaqlar sərgi-yarmarka ilə tanış olublar.
Festivalın ikinci günündə çıxışlar dinlənilib. “Çardaq art” platforması üzvlərinin əsərləri nümayiş olunub. Tərəkəmə alaçığında milli geyimlər nümayiş etdirilib. Alpaqut Federasiyasının oxatma ustaları oxatma məşqləri keçiblər.
Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər. Sonda qonaqlar “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunu və rayonun digər tarixi abidələrini ziyarət ediblər.