1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar bölgələrdəki mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.
Salyan Dövlət Rəsm Qalereyası və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun – Beynəlxalq Uşaqları Müdafiə Günü münasibətilə “Bizim dünyamız” adlı yaradıcılıq sərgisi açılıb. Sərgidə 15 nəfərdən çox fiziki məhdudiyyətli uşağın 60-dək rəsm və dekorativ-tətbiqi sənət nümunəsi yer alıb.
***
Qazax-Tovuz RMİ və Qazax RİH-in birgə təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş “Xoşbəxt olsun uşaqlar!” adlı tədbir keçirilib. Qazax şəhər 1 nömrəli uşaq Musiqi məktəbinin xor kollektivi “Xoşbəxt olsun uşaqlar!” mahnısını səsləndirərək həmyaşıdlarına təbriklərini çatdırıblar. Tədbir rayonda fəaliyyət göstərən musiqi məktəblərinin, rəqs kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.
***
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Sumqayıt Regional Mərkəzi və Sumqayıt Musiqi Kollecinin nümayəndələri Sumqayıtda yerləşən Laçın rayon 5 nömrəli tam orta məktəbdə bayram tədbiri təşkil ediblər. Tədbir boyu uşaqlar rəqs edib, bir-birindən maraqlı mahnılar dinləyib, əyləniblər. Sonda uşaqlara bayram sovqatı paylanılıb.
***
Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq incəsənət məktəbi Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunan konsert proqramı təqdim edib. İncəsənət məktəbi şagirdlərinin ifasında təqdim edilən rəngarəng konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
***
Gəncə-Daşkəsən RMİ-nin dəstəyi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və “Serotonin Neyro” psixoloji və reabilitasiya mərkəzlərinin təşkilatçılığı ilə Xüsusi qayğıya ehtiyacı olan uşaqların forumu keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə psixoloqlar, valideynlər və müəllimlər iştirak ediblər. Şagirdlərin ifasında təqdim olunan rəqs nömrələri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
***
Cəlilabad Dövlət Rəsm Qalereyası və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaqları Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir çərçivəsində Heydər Əliyev Seyrəngahında uşaqlar üçün gəzinti təşkil olunub. Sonra uşaqlar sərgiyə baxıblar.
***
Şərqi Zəngəzur RMİ-nin tabeliyindəki Cəbrayıl rayon Çərəkən kənd klubu və Düzoba kənd kitabxanasının əməkdaşları uşaqların bayramı ilə əlaqədar şəhid Fərid Hacıyevin Vətənə əmanət övladları Eşqin və Əlini ziyarət ediblər. Mədəniyyət işçiləri ailənin qayğıları ilə maraqlanıb, maddi və mənəvi dəstək olublar.
Zəngilan rayon MKS-nin Uşaq şöbəsi və 193 nömrəli məktəbin əməkdaşlarının birgə keçirdikləri bayram tədbirində istedadlı uşaqların ifasında musiqi nömrələri və rəqslər nümayiş etdirilib.
Laçın rayon 2 nömrəli Uşaq musiqi məktəbi şagirdlərinin Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinə ekskursiyası təşkil olunub. Muzeyin bələdçisi dahi bəstəkarın həyat yolu və yaradıcılığı ilə bağlı məlumat verib, eksponatlardan söz açıb.
***
Mil-Muğan RMİ-nin əhatə etdiyi Beyləqan rayon Mədəniyyət Mərkəzi, “Montessori” Beyləqan uşaq inkişaf mərkəzi, rayon Təhsil sektoru və digər qurumların təşkilatçılığı ilə “Parlayan ulduzlar” adlı bayram tədbiri keçirilib. Uşaqların hazırladığı bir-birindən maraqlı səhnəciklər, rəngarəng rəqslər, şən musiqi nömrələri, səsləndirilən şeirlər alqışlarla qarşılanıb.