Naxçıvan Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Əməkdar rəssam Telman Abdinovun 70 illik yubileyinə həsr olunmuş “Rənglərin dinamikası” adlı fərdi sərgisi keçirilib. Sərgi eyni zamanda muxtar respublikanın 100 illiyinə həsr edilib.

NMR Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva sənətkarın yaradıcılıq fəaliyyətindən bəhs edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın və Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilovun yubilyara təbrik məktubları oxunub.

AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev yubilyarın yaradıcılığında Naxçıvan mövzusunun xüsusi yer tutduğunu qeyd edib, rəssama yeni yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, NMR Yazıçılar Birliyinin sədri Asim Yadigar, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Xalq artisti Şirzad Abutalıbov və digər çıxış edənlər Telman Abdinovun yaradıcılığı haqqında fikirlərini bölüşüb, təbriklərini çatdırıblar.

Sonda tədbir iştirakçıları rəssamın 60-dan çox əsərinin yer aldığı sərgi ilə tanış olublar.