“Rəqəmsal Yaradıcı Həftəsonu” çərçivəsində
Xəbər verdiyimiz kimi, 31 may – 3 iyun tarixlərində ölkəmizdə “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilib.
Layihə çərçivəsində iyunun 3-də Mədəniyyət Nazirliyinin dəstəyi, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO və “New Space Open Innovation”un əməkdaşlığı ilə Şuşa Hotel-Konqres Mərkəzində Beynəlxalq Sahibkarlar Forumu təşkil edilib.
ICESCO baş direktorunun elm və texnologiya üzrə müşaviri Məhəmməd Şərif, Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev açılış nitqi söyləyiblər.
“Science Europe”nin baş katibi Lidia Borrell-Damianın videoçıxışı dinlənilib.
Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirib.
ICESCO baş direktorunun müşaviri Məhəmməd Şərifin moderatorluğu ilə gerçəkləşən panel “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusuna həsr olunub.
Kənd Təsərrüfatı İnkişaf Təşkilatının (AOAD) əməkdaşı professor Osama Rayis Afrika ölkələrinin fermer təsərrüfatı sahəsindəki problemlərindən danışıb.
Liviya Baş nazirinin keçmiş müavini, sahibkarlıq üzrə böyük məsləhətçi Məhəmməd Əhməd Ələsvad çıxışında sahibkarlıq sahəsindəki boşluqlara toxunub.
Panel sessiyada videoformatda çıxış edən Kosmos Fondunun əməliyyatlar üzrə baş direktoru Shelli Brunswick kosmonavtika sahəsi ilə bağlı öz təcrübələrini bölüşüb.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov startap sahəsinin genişləndirilməsinin vacibliyindən danışıb. Bildirib ki, innovasiya sahəsində ən vacib amil odur ki, maraqlı ideya bir ölkədə yaradılsa belə, qısa müddətdə daha böyük kütləyə, coğrafiyaya çıxış əldə etsin. Bu halda həmin startap uğurlu ola bilər.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev startapın, ilk növbədə, layihə səviyyəsinə qalxmalı olduğunu bildirib.
***
BMT-nin İnkişaf Proqramında (BMTİP) innovasiyalar üzrə məsləhətçi Leyla Seyidzadənin moderatorluğu ilə gerçəkləşən növbəti panel “Sahibkarlıq vasitəsilə qadınların səlahiyyətlərinin artırılması: rəqəmsal mənzərə, trendlər və çağırışlar” mövzusuna həsr olunub.
“Katalyst Labs”nın təsisçisi və baş direktoru Jehan Ara qadınların rəqəmsal biznesdə iştirakı sahəsində görülən işlərdən danışıb.
“Ən Çox Satan Müəlliflər Şurası”nın üzvü, AI İstedad platformasının investoru Pegah Gol fəaliyyəti dövründə kişilərin qadınlara işə görə az maaş verdiyinin şahidi olmadığını deyib.
“Devcit Acceleration” şirkətinin baş direktoru Vitalia Shutova biznes bacarıqlarının uğurlu sahibkarlıq üçün önəmli olduğunu vurğulayıb.
İnnovasiyalar üzrə araşdırmaçı Noshaba Awais rəqəmsal sahədə gender bərabərliyinə nail olmaq üçün ölkəsi Pakistanda görülən işlərdən danışıb.
“FemTech”in direktoru Nərgiz Əmrahova rəhbəri olduğu qurumun üzvlərinin bu gün müxtəlif mövqelərdə olduğunu söyləyib: “Bizim uğurumuz və əsas məqsədimiz xanımların xoşbəxt olduğu iş həyatına yiyələnmələridir”.
***
“Startapdan biznesə doğru: mərkəzləşdirilməmiş süni intellekt” – forumun daha bir panel sessiyası bu mövzuda olub.
Səhiyyə sahəsi üzrə mütəxəssis Maria Marenconun moderatorluğu ilə gerçəkləşən sessiyada çıxış edən “Ogooue Labs”nın təsisçisi və sədri Sylvere Boussamba müasir dövrdə süni zəkanın üstünlüyündən danışıb. Bildirib ki, bu gün süni zəka vasitəsilə məlumat itkisinin qarşısı alınır.
SOCAR-ın Strateji idarəetmə və innovasiyalar departamentinin rəisi Teymur Əliyev süni zəkanın tətbiqi məsələsində ehtiyatlı yanaşmanın əhəmiyyətini qeyd edib: “Süni zəkanın tətbiqi təkcə bu texnologiyaya sahib olmaqla bitmir. Bunun üçün müəyyən biliklərə yiyələnmək lazımdır. Əgər biz bu texnologiyadan düzgün istifadə edə bilsək, müsbət nəticələr əldə etmək mümkün olar”.
Məzmun yaradıcısı Stephanie Meisl dövrümüzdə sənaye sahələrinin dəyişdiyini, yeni tendensiyaların yarandığını söyləyib. Vurğulayıb ki, yeni texnologiyalardan istifadə etmək üçün çoxillik təlimlərə ehtiyac yoxdur.
Çıxışlardan sonra panel iştirakçılarının sualları cavablandırılıb.
Nurəddin