Ölkəmiz də təmsil olunur

 

3–9 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində postsovet ölkələrinin 5-ci Gənclər Teatr Forumu keçirilir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə beynəlxalq tədbirdə ölkəmizin nümayəndə heyəti də iştirak edir.

Forumda Qazaxıstan, Azərbaycan, Rusiya, Belarus, Qırğızıstan, Moldova, Özbəkistan və Tacikistandan yaşı 35-ə qədər olan 200-dən çox rejissor, dramaturq, aktyor, səhnə rəssamı, teatrşünas bir araya gəlib. Azərbaycanı gənclərdən Cavid Zeynallı, Dağlar Yusif, Abdulla Elşadlı, Ümüd Abbaszadə, Sahib Əhmədov, Elmira Üzeyirova və Fərəh Quliyeva təmsil edir.

Forumun maarifləndirici proqramında teatr rəssamları, dramaturqlar, tənqidçilər də iştirak edəcək, ustad dərsləri və sərgi təşkil olunacaq.

Forum çərçivəsində K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında iyunun 7-də Akademik Milli Dram Teatrının “Sənsiz” tamaşası nümayiş olunacaq. Şıxəli Qurbanovun pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayev, rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Xanım Həsənova və Könül Kərimovadır. Rolları Xalq artisti Mehriban Zəki, Əməkdar artist Füzuli Hüseynov, aktyorlar İlahə Həsənova, Elçin Əfəndi, Elsevər Rəhimov, Lalə Süleymanova oynayırlar.

Forumun ən yaxşı tamaşası 2025-ci ildə Moskvada keçiriləcək XVII Beynəlxalq Çexov Teatr Festivalında iştirak edəcək.

MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə Beynəlxalq Teatr İttifaqları Konfederasiyası tərəfindən təşkil olunan forum üç ildə bir dəfə keçirilir. 2012-ci ildə Kişineu (Moldova), 2015-ci ildə Minsk (Belarus), 2018-də İrəvan (Ermənistan), 2021-də Daşkənd (Özbəkistan) foruma ev sahibliyi edib.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova qeyd edib ki, bu layihə yaradıcı gənclərə dəstəkdir, eyni zamanda, teatr sənətinin inkişafına mühüm töhfə verir və beynəlxalq mədəni qarşılıqlı əlaqə üçün yeni üfüqlər açır. Ünsiyyət platforması yaratmaqla, bu forum teatrın gələcəyini təyin edən gənc nəslə yaradıcılıq yüksəlişinə və inkişafına təkan verən fikir və təcrübə mübadiləsinə imkan yaradır.