Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr edilib.
Mərkəzdən bildirilib ki, kitabda müasir özbək ədəbiyyatının iyirmidən çox şairinin yaradıcılıqlarından seçmələr yer alıb.
“Dostlara hədiyyə” (“Dostlara sovga”) adlı ikidilli nəşrdə müasir özbək poeziyasının tanınan simalarından Zülfiyyə Möminova, Şəhla Qasımova, Nərgisə Əsədova, Abdulla Vəhş, Gülzira Şaripova, Zöhrə Açilova, Şairə Ermətova, Ubaydulla Abduşaxidov, Kamaladdin Şükür, Hasanbay Qayib və başqalarının yaradıcılıqlarından poetik nümunələr çap olunub. Özbək dilindən şeirləri Azərbaycan dilinə şair-tərcüməçi Şahməmməd Dağlaroğlu çevirib, nəşrin redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir.
Kitabın yaxın günlərdə Özbəkistanda və Azərbaycanda təqdimatlarının keçirilməsi nəzərdə tutulur.