Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Qonağımız var” layihəsi çərçivəsində Xalq artisti Həmidə Ömərova ilə görüş keçirilib.
Görüşdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aparıcı tədbiri açıq elan edərək bildirib ki, kino aktrisası kimi daha çox tanınan Həmidə Ömərova səhnədə də maraqlı obrazlar yaradıb. Eyni zamanda 500-dən artıq filmin dublyajı və səsləndirilməsində fəal iştirak edib. O həmçinin “ABŞ kinosu: 1895–1945-ci illər”, “Amerika kino tarixi” və s. kitabların müəllifidir.
Həmidə Ömərova çıxışında kino və teatr sahəsinə gəlişindən danışıb, retro və yeni filmlərimizin müqayisəsini aparıb, kinomuzun inkişafı yollarından danışıb.
Tamaşaçıların suallarını cavablandıran aktrisa rol aldığı bir çox filmlərdə yaşanan maraqlı hadisələrdən söz açıb, xatirələrini bölüşüb.