Azərbaycanlı rejissorun filmi operator işinə görə mükafat qazanıb

 

Almaniyada (Köln şəhəri) kino sahəsi üzrə nüfuzlu mükafatlardan sayılan, operator (təsvir rejissorluğu) və montaj (qrafika) işinə görə verilən “Alman Kamera Mükafatı” (Deutscher Kamerapreis) 34-cü dəfə qalibləri elan edib.

Almaniyanın WDR və ZDF teleradio şirkətləri tərəfindən də dəstəklənən müsabiqənin builki qalibləri arasında azərbaycanlı rejissor Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi də var. Film “Təsvir həllinə görə” nominasiyasında fərqlənib və mükafata operator Daniel Quliyev layiq görülüb. 2024-cü ilin istehsalı olan sənədli film (xronometrajı 87 dəqiqə) Azərbaycan və talış dillərində çəkilib.

Filmin qəhrəmanı keçmiş kinomexanik Samid oğlunu iş qəzasında itirəndən bəri tənha və melanxolik hisslərlə yaşayır. Bu əhvaldan qurtulmaq üçün əvvəlki peşəsinə qayıtmaq, kino nümayişlərini canlandırmaq üçün işə başlayır. Gənc Ayazı da bu işə təşviq edir. Aralarında böyük yaş fərqi olsa da, hər ikisinin kinoya həvəsi var və ucqar kənddə kütləvi kino nümayişini yenidən təşkil etmək ideyası ilə yaşayırlar. Bunun üçün kənd sakinlərini kino ekranı üçün yer tikməyə inandırmaq, köhnə proyektorları təmir etmək, rəhbərlikdən icazə almaq və s. lazımdır...

Filmin ssenari müəllifi və rejissoru Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger (Almaniya) və François-Pierre Claveldir (Fransa).

Orxan Ağazadə 1988-ci ildə Lənkəranda anadan olub. Bakı Slavyan Universitetində jurnalistika ixtisası üzrə bakalavr təhsili alıb. 2015–2018-ci illərdə Təhsil Nazirliyinin göndərişi ilə “Xaricdə Təhsil Dövlət Proqramı” çərçivəsində “London Film School”da (Böyük Britaniya) magistraturada oxuyub. Tələbəlik illərində çəkdiyi filmlərlə festivallarda iştirak edib. “Məhbus” tammetrajlı film layihəsi Kann Film Festivalının “Cinefondation Residency” ssenari inkişafı platformasına seçilib.