XTNS-nin “Azərbaycan” pavilyonunda Bayram Salamovun sərgisi

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) tanınmış azərbaycanlı rəssam, Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamlar Federasiyasının üzvü Bayram Salamovun sərgisi açılıb.

“Şəhərlərin melodiyası” adlı sərgidə müəllifin 20-dən çox rəsm əsəri nümayiş etdirilir.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova qeyd edib ki, Bayram Salamovun əsərlərinin parlaq palitrası və maraqlı mövzuları heç kəsi laqeyd qoymur: “Bayram Salamovun rəsmləri kortəbii, rəngarəng və canlıdır, uşağın dünyaya baxışını çatdırır. Rəssam rəng sxemləri və maraqlı hekayələri ilə tamaşaçılara Azərbaycan haqqında danışır”.

Bayram Salamov çıxışında sərginin təşkilinə görə “Azərbaycan” pavilyonuna təşəkkür edib və Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini qeyd edib.

Bayram Salamov Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, Şəki Dram Teatrında dekorasiya rəssamı kimi fəaliyyət göstərib. Rəssam sonra Rusiyanın Tolyatti şəhərinə köçüb, 2010-cu ildə orada “Bayram Art Gallery” adlı şəxsi rəsm studiyasını açıb.

Rəssamın əsərləri Rusiyanın bir çox şəhərlərində, həmçinin Azərbaycan, Almaniya, İtaliya, Çexiya və Kiprdə keçirilən sərgilərdə nümayiş etdirilib, müxtəlif ölkələrdə şəxsi kolleksiyalara daxil edilib.