XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı olan Mikayıl Müşfiqin (1908–1938) doğum günü (5 iyun) Xızıda qeyd edilib.
Nakam şairi anmağa gələnlər rayonun Sayadlar kəndində, Mikayıl Müşfiqin Xatirə Muzeyinin qarşısında toplaşıblar. M.Müşfiqin büstü önündə keçirilən tədbirdə şairlər, yazıçılar, elm və incəsənət xadimləri ölməz şairin həyat və yaradıcılığı haqqında danışıb, görkəmli söz ustasının ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən söhbət açıblar.
Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dillər əzbəridir. Müəllifin “Yenə o bağ olaydı”, “Oxu, tar!” və bir sıra başqa şeirləri poeziya xəzinəmizin inciləri sırasındadır.
Tədbirdə Xızı rayon məktəbliləri nakam şairin bir sıra şeirlərini səsləndirib, yerli incəsənət nümayəndələri musiqilər ifa ediblər.
Nurəddin