Milli İncəsənət Muzeyində yeni ekspozisiyanın açılışı keçirilib
Azərbaycan Milli İncəsənət Muzeyində “1920–1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiya qurulub.
İyunun 5-də yeni ekspozisiyanın açılış mərasimi keçirildi. Tədbirdə mədəniyyət naziri Adil Kərimli, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Mərasimdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, ekspozisiyada ümumilikdə 157 rəngkarlıq, qrafika, heykəltaraşlıq və keramika nümunəsi təqdim olunur. XX əsrin əvvəllərində təsviri sənətdə gedən yaradıcılıq axtarışlarını diqqətə çatdıran direktor dedi ki, ekspozisiyada bədii eksperimentlər 1920–1940-cı illər rəssamlar nəslinin görkəmli nümayəndələrinin yaradıcılığı ilə təmsil olunur. Həmin illər Azərbaycan qrafikası ekspozisiyasını milli qrafika sənətinin formalaşmasına böyük töhfələr vermiş, özünəməxsus dəst-xəttə malik rəssamların müxtəlif janr və texnikalarda yaratdıqları silsilə əsərlər təşkil edir. Sərgidə ilk dəfə olaraq Bəhruz Kəngərlinin portret, mənzərə, eskiz və rəsmlərindən ibarət albomlar da yer alır.
Ekspozisiyada həmçinin XX əsrin müxtəlif dövrlərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqablar da nümayiş olunur. Sərgi interaktiv xarakter daşıyır. Hər bir zalda tamaşaçılar QR kod vasitəsilə aid olduqları yaş qrupunu qeyd edib bəyəndikləri əsərə səs vermək imkanına malikdirlər.
Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov ekspozisiyadakı əsərlərin hər birinin xüsusi əhəmiyyətə malik olduğunu söylədi: “Burada Azərbaycanın sovet dövrü təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur. Bu sərgi XX əsr Azərbaycan rəssamlığının “qızıl dövrü”nün ustad rəssamlarının yaradıcılığının mənzərəsini bizə nümayiş etdirir”.
Çıxışlardan sonra qonaqlar ekspozisiya ilə yaxından tanış oldular.
1920–1980-ci illəri əhatə edən nümunələr həmin dövrdə boyakarlıq sənətinin keçdiyi inkişaf yolunu müfəssəl şəkildə əks etdirir. 1920–1940-cı illər Salam Salamzadə, Rüstəm Mustafayev, Ələkbər Rzaquliyev, Əli Rasim Muxtarov, Reyhan Topçubaşova, Qəzənfər Xalıqov, Sadıq Şərifzadə, Davud Kazımov kimi rəssamların yaradıcılığı ilə təmsil olunur.
Ekspozisiyada tarixi mərhələlər mövzu və üslub müxtəlifliyi ilə seçilən ayrı-ayrı tanınmış Azərbaycan rəssamlarının təsviri sənətimizin qızıl fond”una daxil olan əsərləri vasitəsilə izlənilir. Maral Rəhmanzadənin milli koloritli mənzərələri və Azərbaycan qadın obrazları, Xalidə Səfərovanın zəngin və parlaq rəng palitrasına malik mənzərələri, Səttar Bəhlulzadənin doğma yurdun tərənnümünə həsr olunmuş peyzaj və natürmortları, Kamil Xanlarovun lirik-emosional xarakterli, mükəmməl koloritə malik mənzərə lövhələri, Toğrul Nərimanbəyov və Nadir Əbdürrəhmanovun obrazların ifadəliliyi, dekorativ motivlərin zənginliyi ilə seçilən tabloları, Böyükağa Mirzəzadənin sadə zəhmət insanlarını təsvir edən, bədii həllin gözəlliyi ilə fərqlənən tematik əsərləri Azərbaycan rəngkarlığının dolğun təəssüratını yaradır.
Ekspozisiyanı Tahir Salahovun neftçi obrazlarının əks olunduğu sərt üslubun romantikası ilə yaddaqalan, sevimli Abşeron mövzusunu əks etdirən əsərləri tamamlayır. Burada həmçinin ekspozisiya mövzuları ilə səsləşən, müəllifləri görkəmli heykəltaraşlar Mirəli Mirqasımov, Ömər Eldarov, Həyat Abdullayeva, Elmira Hüseynova və Xanlar Əhmədov olan əsərlər yer alır.
Vitrində sərgilənən albomların bütün səhifələri elektron formatda, sensorlu ekran vasitəsilə təqdim olunur. Maraqlı məqamlardan biri Bəhruz Kəngərlinin natürmortunda əks olunmuş keramik mürəkkəbqabının əyani olaraq nümayişidir. Burada XX əsrin müxtəlif onilliklərində ərsəyə gəlmiş, qrafik əsərlərlə həmahənglik yaradan Yelena Orbeliani, Zivər Məmmədova, Həyat Abdullayeva, Rasim Xələfov, Telman Zeynalov, Oqtay Şıxəliyev, Liya Ağamalova, Həsənağa Ələsgərov, Saleh Məmmədov kimi tanınmış müəlliflər tərəfindən işlənilmiş keramik fiqurlar və dekorativ boşqabları görmək olar.
Qeyd edək ki, ekspozisiya muzeydə daimi nümayiş üçün nəzərdə tutulur.
Lalə Azəri