Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Yerli Düşüncə Dərnəyinin təşkilatçılığı ilə 1–5 iyun tarixlərində Bakıda 7-ci Türk filmləri həftəsi keçirilib.
Nizami Kino Mərkəzində təşkil olunan kino həftəsinin açılış mərasimində Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu, layihənin koordinatoru Öner Kılıç, hər iki ölkənin kino ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Sənət həftəsi “Sadıq Əhməd – böyük mübarizənin hekayəsi” adlı filmlə açılıb. Film Qərbi Trakya (Yunanıstanın şimalında türklərin yaşadığı bölgə) türk azlığının lideri mərhum Sadıq Əhmədin (1947–1995) həyatından bəhs edir.
Nümayişdən öncə çıxış edən Türkiyə səfiri Cahit Bağcı bildirib ki, layihənin məqsədi kino sahəsində əməkdaşlıqla Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına töhfə verməkdir. “Layihə çərçivəsində kinosevərlərin böyük marağına səbəb olan məşhur filmlər, eləcə də beynəlxalq mükafatlı ekran əsərləri təqdim olunur. Biz həm də bu filmlərlə türk kinematoqrafiyasının imkanlarını nümayiş etdiririk”, – deyə diplomat bildirib.
Səfir həmçinin “Sadıq Əhməd” filmi barədə də məlumat verib. Qeyd edib ki, Sadıq Əhməd Qərbi Trakya türklərinin haqq davasının simvolik adıdır: “Haqq mübarizəsini sona qədər müdafiə edənlər, zülmə boyun əyməyənlər hər zaman Sadıq Əhməd kimi olub. Zəfərlə bitən uğur hekayələrinin hamısında biz Sadıq Əhmədləri görürük”.
Sonra film nümayiş olunub.
Qeyd edək ki, həftə çərçivəsində kinosevərlər “Son şam yeməyi”, “Həyatla barış”, “Nəfəs: Yer eksi iki” və “Rafadan tayfa: Hayrimtör” filmlərini izləyiblər. Film nümayişləri ilə yanaşı, Türkiyədən gələn rejissor, aktyor və prodüserlərin azərbaycanlı həmkarları ilə görüşləri olub. Sənət mübadiləsi, birgə layihələr barədə fikir mübadiləsi aparılıb. Türkiyəli kinematoqraflar eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə də görüşüblər.
L.Azəri