Dövlət Tərcümə Mərkəzi 150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasından növbəti nəşri – dünyaşöhrətli Amerika yazıçısı, Nobel mükafatı laureatı Uilyam Folknerin “Seçilmiş əsərləri” kitabını ərsəyə gətirib.

Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının məşhur “Səs-küy və hiddət” romanına yazılan “Səs-küy və hiddət romanı haqqında” məqalə ilə başlayan kitaba ədibin Nobel nitqi, “Qırmızı yarpaqlar”, “Yanğın”, “O gün şər qarışanda”, “Yağmursuz sentyabr”, “Emili üçün qızılgül”, “Saçlar”, “Qısqanclıq” hekayələri, “Səs-küy və hiddət” romanı ilə yanaşı, tanınmış tərcüməçi Tehran Vəliyevin Folkner yaradıcılığı haqqında qələmə aldığı “Uilyam Folkner və onun Yoknapatofa saqası” essesi də daxil edilib.

Əsərlərin Azərbaycan dilinə tərcümə müəllifləri tanınmış bədii tərcümə ustaları Natiq Səfərov, Nəriman Əbdülrəhmanlı, Mahir N.Qarayev və Etimad Başkeçiddir.

Kitabı yaxın günlərdə kitab evləri və mağazalardan əldə etmək mümkün olacaq.