Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparmış mərhum şairimiz Çərkəz Məcidin həyat və yaradıcılığından bəhs edən “İkinci ömür” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda baş tutan tədbirə tanınmış şair Yusif Nəğməkar aparıcılıq edib.

Çərkəz Məcidin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun oğlu Əli Çərkəzoğlu tədbir iştirakçılarına və kitabın müəllifi Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Elşad Barata təşəkkürünü bildirib.

Tədbirdə AYB sədrinin müşaviri, şair Sayman Aruz, birliyin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza, yazıçı-publisist Bahəddin Həzi, "Ulduz" jurnalının baş redaktoru, şair Qulu Ağsəs, "Mirvarid Dilbazi poeziya məclisi" İctimai Birliyinin sədri, yazıçı Güllü Tomarlı, biologiya üzrə fəlsəfə doktoru, yazıçı Sadıq Qarayev və başqa bir çox ədəbiyyat, mədəniyyət, media nümayəndələri çıxış ediblər.

Tədbirdə qiraətçilər tərəfindən Çərkəz Məcidin şeirləri səsləndirilib.