Xəbər verildiyi kimi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin (ŞŞDQİ) təşkilatçılığı, ICESCO, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Mərakeşin Rabat şəhərində “Şuşa günləri” keçirilib. 2024-cü ildə “İslam Dünyasının Mədəniyyət Paytaxtı” Şuşaya həsr olunmuş tədbir ICESCO-nun qərargahında proqramla yekunlaşıb.

Tədbirdə ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədov, Dövlət Turizm Agentliyi Qoruqların İdarəetmə Mərkəzinin sədri Murad Ağabəyli, digər rəsmilər, müxtəlif ölkələrin Mərakeşdəki diplomatları iştirak ediblər.

Əvvəlcə AZƏRTAC-ın təqdim etdiyi fotolardan ibarət sərgiyə baxış olub. Burada Şuşanın tarixi keçmişini, müharibədən əvvəlki və sonrakı vəziyyətini, bərpa-quruculuq, yenidənqurma işlərini, əsrarəngiz təbiətini əks etdirən müxtəlif fotolar sərgilənib.

Sonra qonaqlara XVIII-XIX əsrlərə aid Qarabağ milli geyimləri nümayiş olunub, onların tarixi haqqında məlumat təqdim edilib.

Tədbirin kulinariya bölümündə qeyd olunub ki, Azərbaycanın Qarabağ regionu, xüsusilə mədəniyyət beşiyimiz Şuşanın zəngin mətbəxi var. Şuşa mətbəxinin Mərakeş mətbəxi ilə oxşar tərəflərini də ehtiva edən menyu pip dolması, kabab büryan, firni, boyanalı aş, Qarabağ kətəsi, reyhan şərbətindən ibarət olmaqla hazırlanıb. Şuşa mətbəx nümunələrini dadan qonaqlara ölkəmizin turistik qastronomiya marşrutları haqqında da məlumat verilib.

Qarabağa, Şuşaya həsr edilən proqram konsertlə davam edib.

İfaçılardan öncə baş direktor Salim bin Məhəmməd əl-Malik, səfir Nazim Səmədov, Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov çıxış ediblər. “Şuşa günləri”nin önəmindən, otuz ilə yaxın işğal altında qalmış tarixi şəhərin bu gün yenidən dirçəlməsindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərdən söz açılıb.

Daha sonra söz Azərbaycanın sənətçilərinə verilib. Qarabağı, Şuşanı vəsf edən mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.