2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.
Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olub. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaradıb.
Füzuli əsərlərini üç dildə – Azərbaycan, ərəb və fars dillərində qələmə alıb. “Bəngü-badə”, “Söhbətül-əsmar”, “Həfti-cam”, “Leyli və Məcnun” və s. kimi irihəcmli əsərləri, çoxlu qəzəlləri söz sənətinin ölməz abidələridir.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Füzulinin müdrik kəlamları”, “Heydər Əliyev və Məhəmməd Füzuli”, “Görkəmli şəxslər Məhəmməd Füzuli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərlərinə çəkilmiş miniatürlər” və s. bölmələrdən ibarətdir.
Elektron məlumat bazası ilə bu linkdə tanış olmaq olar: