İyunun 10-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Xalq şairi Vaqif Səmədoğlunun 85 illiyinə həsr edilmiş poeziya müsabiqəsinin qalibləri mükafatlandırılıb.

AYB-nin sədri Xalq yazıçısı Anarın təşəbbüsü, “Ulduz” jurnalı və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə 35 yaşa qədər qələm adamları iştirak edib.

AYB-nin katibi, şair Səlim Babullaoğlunun rəhbərlik etdiyi münsiflər heyətinin yekdil rəyi ilə birinci yerə Cavid Qasımov, ikinci yerə Rəşad Nağı Mustafa, Allahşükür Ağa, üçüncü yerə Eminquey, Seyyidəli Sübhi, El Roman layiq görülüblər.

Tədbirin aparıcısı – münsiflər heyətinin üzvü, Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru Varis Xalq şairi Vaqif Səmədoğlu yaradıcılığından danışıb, onun şərəfinə təşkil edilmiş müsabiqənin böyük maraqla qarşılandığını deyib.

Xalq yazıçısı Anar çıxışında Vaqif Səmədoğlu ilə dostluğunun tarixçəsindən mühüm məqamlarına toxunub, şairin yaradıcılığının əsas məziyyətlərindən söz açıb, qalibləri təbrik edib.

AYB sədrinin müavini Rəşad Məcid Vaqif Səmədoğlu ilə bağlı xatirələrini bölüşüb, şairin şeirlərindən nümunələr səsləndirib.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs müsabiqənin əhatə dairəsi haqda məlumat verib.

Vaqif Səmədoğlunun ömür-gün yoldaşı Nüşabə Vəkilova 85 illiklə bağlı qiraət müsabiqəsi keçirildiyini də diqqətə çatdıraraq, bu müsabiqənin növbəti addım olduğunu qeyd edib.

Münsiflərdən Seyfəddin Hüseynli və Taleh Mansur ayrı-ayrı iştirakçıların poetik nümunələrindən söz açıblar.

Sonda qaliblər öz şeirlərini söyləyiblər.