Ağdam Dövlət Dram Teatrında hazırlanan “Trombonçu” tamaşası iyunun 5-də tamaşaçılarla görüşüb.
Janrı birhissəli sosial komediya kimi müəyyənləşdirilən tamaşa italyan aktyor və dramaturq Peppino de Filipponun “Don Rafaello-trombonçu” əsəri əsasında Racu Şıxlının quruluşunda hazırlanıb.
Tamaşanın quruluşçu rəssamları Qönçə Həzizadə, Müşfiq Qarayev, musiqi tərtibatçısı ADMİU-nun müəllimi, AMEA-nın doktorantı, bəstəkar Aysel Əzizova, rejissor assistenti Anar Əhməddir. Rolları Elşən Cavadov, Afərdə Sabirqızı, eləcə də Hakim Cəfər, Camal Zamanov, Rüstəm Məmmədov, Zərifə Ağayeva və Anar Əhməd ifa edirlər.
Əsərin qəhrəmanı trombonçu Don Rafaello musiqi alətləri mağazasını işlədir. Evdə isə yeməyə heç nəyi yoxdur... Tamaşa məişət qayğıları ilə yüklənmiş musiqiçinin həyat dramını təqdim edir.
Onu da qeyd edək ki, tamaşa ADMİU-nun məzunu Racu Şıxlının (Gözəlov) diplom işidir və yaxın günlərdə paytaxtda, Azərbaycan Teatr Xadimləri İttifaqının səhnəsində də nümayiş olunacaq.