Ağdaşda inklüziv festival

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Mərkəzi Aran RMİ-nin birgə təşkilatçılığı ilə Ağdaş şəhərində “Hər kəs üçün yaşıl dünya” adlı inklüziv festival keçirilib.

Festivalda şəhid ailələrinin üzvləri, müharibə əlilləri, əlilliyi olan digər şəxslər, səyyar sosial-məişət xidməti göstərilən ahıllar, agentliyin sifarişi əsasında Ağdaşda fəaliyyət göstərən qayğı mərkəzinin xidmətlərinə cəlb edilən uşaqlar və rayon ictimaiyyəti iştirak edib.

Ağdaş şəhərindəki Heydər parkı və Habil Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində gerçəkləşən festivalda qonaqlar muzey eksponatları, həmçinin əlilliyi olan şəxslərin, rayonun yaradıcı şəxslərinin və ümumtəhsil məktəbləri şagirdlərinin əl işlərindən ibarət sərgilərlə tanış olublar.

Müxtəlif sənətkarlıq növləri üzrə ustad dərsləri (keramika, ebru sənəti, dulusçuluq) təşkil edilib. Kəndirbazların və paralimpiyaçıların çıxışları tədbirə rəngarənglik qatıb. Sonda musiqi və rəqs nümunələri təqdim edilib.