Süni intellekt mövzusunda elmi konfrans keçiriləcək

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə olunan məsələlərdən biri “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirilməsi haqqında olub.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev konfransa hazırlıq barədə məlumat verib.

Ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatların, onların nailiyyətlərinin öyrənilməsi və mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələrin tanıdılması məqsədilə AMEA-nın təşkilatçılığı ilə iyulun 17-18-də “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi-praktiki konfransın keçirilməsi qərara alınıb.

 

Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılır

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi yaradılacaq.

Bununla bağlı AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib.

Yeni şöbənin yaradılması Qərbi Azərbaycan və Qarabağla bağlı qeyri-maddi mədəni irsimizin – əlyazmalarının transliterasiya və tərcümə edilməsi, sistemləşdirilməsi, nəşri, tədqiqi və təbliği istiqamətində fəaliyyətin gücləndirilməsi məqsədi daşıyır.