Prezident İlham Əliyev Fələstin məsələsində ölkəmizin mövqeyini bəyan edib
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7-8 iyun tarixlərində Misir Ərəb Respublikasına rəsmi səfər edib. İyunun 8-də Azərbaycan və Misir prezidentləri İlham Əliyev və Əbdülfəttah əs-Sisinin danışıqlarından, ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
Prezident Əbdülfəttah əs-Sisinin bəyanatından
Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin.
Regional məsələlər müzakirələr əsnasında diqqət mərkəzində olub. Eyni zamanda, Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səylərini müzakirə etdik və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini vurğuladıq.
Cənab Prezidentə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq.
Prezident İlham Əliyevin bəyanatından
Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar.
Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq. Misirin də dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir.
Müstəqil Fələstin dövləti qurulmalıdır
Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi və Azərbaycanın mövqeyi birmənalıdır – müstəqil Fələstin dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik.
Eyni zamanda, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.
İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək.
Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.
Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq.