Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 11-də Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Daşkənddə səfərdə olan mədəniyyət naziri Adil Kərimlini qəbul edib.
Görüşdə Adil Kərimli Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını dövlət başçısına çatdırıb.
Söhbət zamanı Özbəkistanla Azərbaycan arasında strateji tərəfdaşlıq və humanitar sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Özbəkistan Prezidentinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Şavkat Mirziyoyev son illər iki ölkə arasında mədəni mübadilənin fəallaşmasını məmnunluqla qeyd edib.
Məlumatda o da diqqətə çatdırılır ki, bu ilin əvvəlində Bakıda Özbəkistanın elm və mədəniyyət günləri uğurla keçib, həmçinin Özbəkistan mədəni irsi ilə bağlı sərgi və “Lazgi” milli baletinin nümayişi olub.
Görüşdə Azərbaycan Mədəniyyəti Günləri barədə məlumat verilib. Müvafiq “Yol xəritəsi” əsasında sıx mədəni tədbirlər proqramının və intensiv dialoqun davam etdirilməsinin, UNESCO, TÜRKSOY və ICESCO kimi təşkilatlar çərçivəsində birgə təşəbbüs və layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.