Ölkəmiz UNESCO-da Beynəlxalq Çay Günündə təmsil olunub

 

UNESCO-nun Parisdəki mənzil-qərargahında çay istehsal edən ölkələrin daimi təşkilatdakı nümayəndəliklərinin iştirakı ilə Beynəlxalq Çay Günü qeyd olunub.

UNESCO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın stendi Fransadakı səfirliyimizin dəstəyi ilə “Fransa-Azərbaycan Dialoqu” və Toğrul Nərimanbəyov adına assosiasiyalar tərəfindən təşkil edilib.

Mərasimdə UNESCO baş direktorunun müavini Sin Ku, iştirakçı ölkələrin daimi nümayəndələri çıxış ediblər. Bildirilib ki, çay sudan sonra ən çox istehlak edilən içkidir, bu bitkinin mənşəyinin dəqiq yeri məlum olmasa da, o, hələ 5 min il əvvəl Çində istehlak edilib. Qeyd edilib ki, çay sənayesi bəzi kasıb ölkələr üçün əsas gəlir və ixrac mənbəyidir. Çayın sağlamlıqla bağlı məziyyətləri vurğulanıb.

Tədbirdə UNESCO yanındakı daimi nümayəndəliklər tərəfindən hər ölkənin ənənələrinə uyğun çay süfrələri təşkil edilib. Azərbaycan və Türkiyə çay stendləri xüsusilə diqqəti cəlb edib.

Azərbaycan stendində milli şirniyyatlar və Azərbaycan çayı, eləcə də Heydər Əliyev Fondunun UNESCO-nun siyahılarına salınmış mədəni və tarixi irs abidələrinə dair fransız dilində nəşrləri, armudu stəkanlar, milli musiqi alətlərini əks etdirən suvenirlər nümayiş olunub. Ziyarətçilərə Azərbaycan çayı haqqında məlumat verilib və nəşrlər hədiyyə edilib.

Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbi şagirdlərinin Azərbaycan, Şuşa, eləcə də sülh mövzusu ilə bağlı çəkdikləri rəsm əsərləri nümayiş olunub.

Bədii hissədə iştirakçı ölkələrin incəsənət nümayəndələri milli musiqi və rəqslərini təqdim ediblər.