Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 11-də Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılış mərasimi haqqında xəbər vermişdik.
Tədbirdə "Mədəniyyət" qəzetinin nəşrləri Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayevaya təqdim olunub.
Qəzetin son saylarından bir neçə nüsxə, xüsusi tərtibatla nəşr edilmiş "İmadəddin Nəsimi – 650" (2019), "Nizami Gəncəvi – 880" (2021) xüsusi buraxılışları, həmçinin uzun illər “Mədəniyyət” qəzetində çalışmış ustad jurnalist Tahir Abbaslının (1948–2021) məqalələrindən ibarət “Publisistik taktlar”, eləcə də çağdaş Azərbaycan poeziyası və nəsrinə dair kitablar kitabxanaya hədiyyə edilib.
"Mədəniyyət" qəzetinin baş redaktorunun müavini Fariz Yunisli direktora Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi mətbuat orqanı olan nəşrin tarixi, mövzu dairəsi, dövriliyi, eləcə də gündəlik yenilənən saytı haqqında məlumat verib. Bildirilib ki, qəzet qardaş türk respublikalarının, o cümlədən Özbəkistanın tarixi-mədəni irsi, ədibləri, habelə həyata keçirilən beynəlxalq mədəniyyət layihələrini də öz səhifələrində mütəmadi işıqlandırır.
Kitabxananın direktoru hədiyyə olunan nəşrlərə görə təşəkkürünü bildirib, onların bir qisminin yeni yaradılan Azərbaycan guşəsində nümayiş olunacağını, digərlərinin də kitabxananın fonduna daxil ediləcəyini diqqətə çatdırıb.