Dünyanın ən böyük animasiya festivalı olan Annecy Beynəlxalq Animasiya Film Festivalı (Fransa) bu il 9 –15 tarixlərində keçirilir.
Festivalda Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY müştərək stendlə iştirak edir.
Stenddə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın animasiya məhsulları, layihələri, festivalları və s. barədə məlumatlar təqdim olunur.
Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.
“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası – 2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasındadır. Kataloqa daxil olan 90-dan çox layihədən 50-si kataloqun şərtlərinə uyğun hesab edilib, onlardan 5-i hazırlıq mərhələsində olan tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində olan seriallar, 14-ü yayımlanmış qısametrajlı filmlər, 12-si yayımlanmış seriallardır.
Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil edir.
Festivalda animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edir. Onun festivalda iştirakı 6-cı ANİMAFİLM festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.