Qarabağ deyəndə ilk növbədə ağlıma gələnlər müharibə, Topxana meşəsi, mitinqlər, Qarakənd hadisəsi, Daşaltı, Xocalı, Şuşa, Laçın dəhlizi, Çingiz Mustafayevin kadrları və şəhidlər olur... Uşaq yaddaşıdır yəqin. Bu gün qalib Azərbaycanın vətəndaşı kimi ötən otuz il bir kino lenti kimi keçir gözlərim önündən. Onda hələ uşaq idik və Qarabağ bizim üçün çox uzaq idi. Qarabağlı qohumumuz, qonşumuz da yox idi. İlk tanıdıqlarım Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyası və pioner düşərgələrində Şuşadan, Malıbəylidən məskunlaşan qaçqınlar oldu. Sonra ... sonra yaşımız artdıqca hamımız qarabağlı olduq.

10 il, hətta 5 il əvvəl desəydilər ki, nə vaxtsa sən Şuşaya, Laçına gedəcəksən inanmazdım. İroniyalı zarafat hesab edib bəlkə həmin adamı acılayardım da. Amma bu gün...

Zəng gəldi. İllərdir tanıdığım dostum, rejissor Amil idi. Laçına, “Xalça belə yarandı” adlı sərginin açılış mərasiminə dəvət edirdi. Çox sevindim, dərhal da soruşdum: Laçına gedəcək heyətdə Təranə Vahid də varmı? Jurnalist həmkarımız, istedadlı yazıçı. Axı o hələ işğaldan azad ediləndən bəri öz doğma yurduna getməmişdi. Məlum olur ki, gedən komandaya Təranə də daxildir. Bundan gözəl nə ola bilərdi...

 

Biz Laçına gedirik...

 

Evdə Laçına gedəcəyimi deyirəm. Qızım Elmira deyir ki, əslində, Laçına biz rəssamları aparmalıdırlar ki, yeni-yeni əsərlər çəkək. Ən azı ildə bir dəfə silsilə tablolar üçün.  Düşünürəm ki, düz deyir. Laçına yaradıcı səfərlər də təşkil etmək məqamı çatıb artıq. Nəhayət, yola çıxmaq vaxtı yetişir. Mayın 24-ü. Gecə saat 2:00. Danışılan kimi, “İnşaatçılar” metrosu qarşısına yığışırıq. Milli Xalça Muzeyindən Mahiyyə xanım və Əməkdar rəssam Məmmədhüseyn müəllimi görürəm. Məlum olur ki, maşınlar komandalara bölünüb. Mən jurnalistlərlə gedəcəyəm. Həmkarım Həmidəyə zəng vururam. Deyəsən, yatıb qalıb, necə hövlnak cavab verirsə... Az sonra cavabı kimi özünü də hövlnak toplanış məntəqəsinə çatdırır.

Yola düşürük. Zöhrə xanım yenə işini möhkəm tutub. 11 nəfərlik avtobusun bütün yemək azuqəsini gətirib desəm, yanılmaram. Şərif Ağayar əsl bələdçidir. Bakıdan Laçına bütün yolu bizə məlumat verir. Təranə isə sakitdir. Hərdən fikir verirəm. Gözü elə hey yol çəkir.

Biz ənənəvi yolla gedirik Laçına. Belə demək mümkünsə, sovetdən qalma yolla. Füzuli,  Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarından keçirik. Qubadlıdan keçəndə videolar çəkib dayıdostuma yollayıram. Qubadlıdandır. Qubadlı azad olunanda bizə yaxşı şüyüdlü plov qonaqlığı vermişdi. Xaraba qalmış kəndlər, şəhərlər və quruculuq işləri. Yolboyu Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa Ermənistanın kapitulyasiya ilə bağlı müraciətini xatırlayıram. Bu məqamda Elxan Qasımovun (Allah rəhmət eləsin) filmi də yadıma düşür. “Biz qayıdacağıq”... Zəngilan yazılan lövhənin yanında düşüb fotolar çəkdiririk. Laçının girişində hamı düşsə də mən düşmürəm. Çünki, hiss edirəm ki, Təranə kövrəlib və onun göz yaşlarına şahidlik etmək istəmirəm nədənsə... Səbəbi də var. Yolda bizim Tahir müəllimi də xatırlamışdım. Düşsəydim, mən də ağlayacaqdım...

Yollar dolanbacdır burada. Bu dolanbac yolların hər döngəsində bir nağıl yatır. Təbiət, yaşıllıqlar, məkanın aurası... Laçın nə gözəldir, İlahi. Hələ Həkəri çayı. Coğrafiya dərsindən yadımdadır adı. Arazın sol qoludur. Laçın, Qubadlı və Zəngilan rayonları ərazisindən axır. Elə ona görə də yolboyu bizi müşayiət edir. Sözlə ifadə edilməyəcək dərəcədə gözəldir Laçın. Yurduna dönmüş insanları, həyətdə oynayan uşaqları görmək isə bir başqa aləmdir. Seyrəngah deyilən yerdə düşüb şəhəri seyr etdikdən sonra gəldiyimiz avtobus bizi Laçın bulvarına aparır...

 

Laçının havası sərindir...

 

Bir sözlə, biz şəhərlilər üçün qış havası. Tədbir də burada keçirilir. Bizdən əvvəl burada dövlət rəsmilərinin, xarici diplomatların iştirakı ilə tədbir olub. Dostumuz Amil Amal onlarla birlikdə olduğundan hələ ki, görüşə bilmirik. Adaşım, Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva gülərüzlə, sevinc dolu çöhrəsi ilə bizi qarşılayır. Bakıdakından ikiqat sevincli, canfəşanlıqla görüşürük. Buradakı sevinc də bir başqadır. Bulvar Həkəri sahilində yerləşir. Üzərindəki körpünün özü bir gözəllikdir. Foto çəkən kim, bir-birini çağırıb gördüyü ecazkar gözəlliyi göstərən kim... Bu məqamda Həkəriyə balıqların buraxılmasına şahidlik də edirəm.

“Xalça belə yarandı” sərgisinin müəllifi Elnarə xanımı Milli Xalça Muzeyindən tanıyıram. Sərgidə baş verənləri həmkarım Həmidə qələmə aldığı üçün mən bəzi məqamlara diqqət çəkmək istəyirəm.

Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyi və Bakı Abadlıq Xidmətinin birlikdə təşkilatçılığı ilə reallaşan layihədə əslən laçınlı, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın ideya müəllifi olduğu eskizlər və xalçalar, həmçinin şəxsi kolleksiyasındakı qədim xalça nümunələri nümayiş olunur. “Qarabağ atı” (2023), “Çələbi” (2023), “Ərciman” (2023), “Borçalı” (2024) adlı xalçalarda kompozisiyanın əsasını təşkil edən əriş iplərinin aşkar şəkildə görünməsi onlara xüsusi gözəllik qatır.

Elnarə xanımın “Ata vəsiyyəti – oğul zəfəri” xalçası xüsusilə diqqət çəkir. Xalçanın əsas özəlliklərindən biri onun ikitərəfli toxunmasıdır. İpək və yundan toxunan bu sənət əsəri 2 il 4 aya ərsəyə gəlib. Birinci hissədə Ulu öndər Heydər Əliyevin gələcəyin qətiyyətli lideri İlham Əliyevə vəsiyyəti, ikinci hissədə isə artıq tarixi Zəfərlə oğulun ata vəsiyyətini yerinə yetirməsi təsvir olunub. Xalçanın yuxarı hissəsində Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev təsvir edilib. Ətrafa şəfəq saçan günəş isə Zəfərimizin müjdəçisidir. Xalçada hər iki hissəni birləşdirən köklü çinar ağacı da var. Bu, Azərbaycanın keçmişi ilə bugününü birləşdirən güclü bağdır və onun üzərindəki xarıbülbül gülü Qarabağın artıq işğaldan azad edildiyinə işarədir.

Sərgidə xalçanın ilkin yaranmasından son mərhələsinə kimi prosesi müşahidə edirik. Diqqətimi alaçıq çəkir. Həmkarım Həmidə ilə alaçığın içinə  daxil oluram. Birlikdə foto da edirik və zarafatla deyirəm ki, özümü lap “Qurtuluş Osman” serialının qəhrəmanları kimi hiss etdim. Alaçığın haradan gətirilməsi məni çox maraqlandırdı. Elnarə xanım deyir ki, “Xalça belə yarandı” sərgisində bizə dəstək olan Milli Yaylaq Festivalının təsisçisi, Cavad Xan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənova dərin təşəkkürümü bildirirəm. O bizə Gəncədən – Cavad xan yurdundan öz alaçığını təmənnasız olaraq göndərdi.

Onu da deyim ki, alaçıq burada əbəs qurulmayıb. Xalçanın yaranışı prosesini əyani şəkildə göstərərkən alaçığı da vurğulamamaq olmazdı. Ta qədimdən qışlaq-yaylaq  köçlərində alaçıqdan həmişə istifadə edilib. Alaçıq qurulduqdan sonra üstü möhkəm keçə ilə örtülürdü. Alaçıq müvəqqəti yaşayış yeri kimi istifadə edilsə də, onun qurulması, xalça-palazla bəzədilməsi xalqımızın estetik zövqündən irəli gəlirdi. Laçında arada yağış da yağır, sərgi çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunan konsert proqramının aparıcısı Rövşanə Ağasəfqızı media təmsilçiləri və yazarları səhnədən xüsusi salamlayır. Leysan yağış yağır, amma hər kəs yağışın inadına sona qədər tədbiri izləyir. Bu da Laçın sevgisi, Laçının ecazkarlığından yaranan hisslər idi. Hamı şaddır, hamı rəqs edir.

 

“Hoçazfilm” – Amilin amalı...

 

Burada dağ havası, evlərin quruluşu, su və torpağın qoxusu, ağaclar, yağış belə valehedicidir. Sanki yuxuda idik, ya da bu bir neçə saatlıq eyforiya idi. “Hoçazfilm”ə gedən yolda şıdırğı yağışda maşından düşüb şəhəri seyr etməyimizi indi də xatırlayıram. Yəqin başqa yerdə heç maşından əlimizi belə bayıra çıxarmazdıq yağışda. Göz-gözü görmürdü, sözün əsl mənasında.

Qayıdıram əvvələ...  Biz sərgini izləməkdə, dostlarla görüşməkdə ikən Laçına səfərimizin səbəbkarı Amil Amal da gəlib çıxır. Hal-əhval tuturuq. Deyir ki, qonaqları “Hoçazfilm”lə tanışlığa aparmışdım. Biz də studiyanı tez görmək istədiyimizi deyirik. Yağış da bir yağır ki, necə deyərlər, tut ucundan göyə çıx. İki maşına birtəhər sığışıb yollanırıq “Hoçazfilm”ə. “Hocazfilm”ə qalxan yol gəldiyimiz yoldan da sərt eniş-yoxuşlu və dolanbac imiş. Kinoittifaqdan olan gənc xanım əməkdaşlardan biri maşın sərt döngələri keçdikcə qışqırır və bərk-bərk məndən tutur. Amil isə bizi sakitləşdirməyə çalışır. Deyir gündə neçə dəfə gəlib-gedir bu yolu, üstəlik də yolda üzbəüz maşınlarla rastlaşırıq. Demək əsas yollardan biridir və qorxmağa ehtiyac yoxdur.

“Hoçazfilm”in qarşısına çatırıq. Hərdən mənə elə gəlir ki, bu studiya Amilin əsas amallarından biridir. Laçın işğalda olanda onunla o qədər bu barədə danışmışıq ki... Laçın azad olunandan sonra orada kinostudiya olmasını arzulayıram, deyirdi hər zaman. Budur, həmin studiyadayıq. Amil deyir ki, ayda bəzən 500 ziyarətçi gəlir bura.

Bizdən bir az əvvəl studiyanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Laçında təşkil olunan tədbir (COP29 – UN Climate Change Conference) çərçivəsində diplomatik korpusun nümayəndələri ilə birlikdə ziyarət edib. H.Hacıyev Azərbaycanın xarici siyasətində müasir milli filmlərin əhəmiyyətini xüsusi vurğulayaraq, “Hoçazfilm”in məhz sərhəd bölgəsində – Laçın şəhərində yaradılmasının vacibliyini xarici diplomatların diqqətinə çatdırıb.

Ötən il studiyanın açılışında Prezident İlham Əliyev iştirak edib. Studiya iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Studiya Laçın və ümumilikdə Qarabağ regionunun işğal və işğaldan sonrakı dövrlərinin salnaməsini yaratmaqda regional audiovizual mərkəz kimi fəaliyyət göstərəcək. Eyni zamanda çəkiliş məqsədilə regiona gələn yerli və xarici film istehsalçılarına bölgənin zəngin təbiəti, imkanları ilə bağlı bələdçilik və lokasiya xidmətləri göstərəcək, onları müvafiq avadanlıqla təmin edəcək.

Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Buraya Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir. Pavilyon texniki təchizat, o cümlədən səs, işıq izolyasiyası baxımından beynəlxalq standartlara uyğundur. “Hoçazfilm”in ilk layihəsi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, əslən laçınlı Xosrov bəy Sultanovun həyat və fəaliyyətindən bəhs edən “Qarabağ qubernatoru” bədii-sənədli filmidir.

Pavilyondakı helikopter, təyyarə mənə çox tanışdır. Bunlar Bakıda, “Azərbaycanfilm” kinostudiyasının dekorasiya sexində hazırlanıb. Studiyanın içində helikopter, təyyarəyə minirik. İnanıram ki, yaxın günlərdə biz “Hoçazfilm”lə bağlı yeni xəbərlərlə kinosevərləri müjdələyəcəyik.

Onu da qeyd edim ki, bir müddət əvvəl may ayının əvvəlində “Arılar və adamlar” tammetrajlı bədii film üçün Laçın rayonunda məkan seçimlərinə start verilib. Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) keçirdiyi film layihələri müsabiqəsinin qalibi, “SFN Production” və “Hoçazfilm”in birgə istehsalıdır. May ayında bu studiyada  “Böyüklərsiz biznes-klass” filminin çəkilişləri də baş tutub.

***

...“Hoçazfilm”i ziyarətdən sonra artıq Laçından ayrılıb Bakıya qayıdırıq. Çox məqamları yazmadım. Yağışlı günün təəssüratları ilə geri qayıdırıq. Şərif Ağayar isə geri qayıdanda da bələdçilik edirdi. O həmişə açıq danışandır. Deyəsən, Cəlil Cavanşir idi, ondan soruşdu ki, gəlib burada qala bilərsən... Cavabı dəqiq yadımdadır. Dedi ki, maliyyə dəstəyi olsa, bəlkə də üç il Laçında oturub qayıdış hekayələri yaza bilər. Təranə Vahidin Mişni kəndi isə uzaqda olduğu üçün gedə bilmədik. Yəqin bir gün onlara da qonaq gedərik...

Lalə Azəri