Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və nazirliyin tabeliyindəki Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə iyunun 11-də Naxçıvan Dövlət Milli Dram Taatrında dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyi münasibətilə “Könül mülkünün sultanı” adlı tədbir keçirilib.
Mərkəzin direktoru Səyyar Məmmədovun moderatorluğu ilə keçirilən ədəbi-bədii gecədə Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Sədaqət Həsənova, kafedranın dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov və başqaları çıxış ediblər.
Çıxışlarda dahi şair Məhəmməd Füzulinin poeziyasından geniş bəhs edilib. Prezident İlham Əliyevin “Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” imzaladığı müvafiq sərəncamını söz sənətimizə və mədəniyyətimizə göstərilən diqqətin təcəssümü kimi dəyərləndirən alimlər şairin yaradıcılığından olan nümunələri ədəbiyyatşünaslıq və dilçilik baxımından təhlil ediblər.
Tədbir bədii hissə ilə başa çatıb.