Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda şuşalı rəssam Səyyar Əliyevin “Çiçəklənən Şuşa” adlı fərdi sərgisi açılıb.

Sərgidə 80-dən çox əsər yer alıb. Ekspozisiyada müəllifin Şuşaya, Xocalı faciəsinə həsr olunan əsərləri, abstrakt və peyzaj janrında çəkdiyi rəsmləri nümayiş olunur. Rəssam Vətən müharibəsində tarixi Zəfərə həsr olunmuş “Ata vəsiyyəti”, “Şuşa qalası”, “Cıdır düzü”, “Xarıbülbül” əsərlərini də sənətsevərlərə təqdim edib.

“2016-cı ildə Azərbaycan Rəssamlar İttifaqında sərgim açılanda dedim ki, vaxt gələcək biz Şuşaya qayıdacağıq. İndi ən böyük arzum Şuşada qalereya açmaqdır. Planlarımda pulsuz rəssamlıq məktəbi açmaq da var. Şuşaya ilk gəldiyimdə ən sevdiyim Cıdır düzünə getdim. Oranı gördüyümdə məni sevinc hissi bürüdü, çünki qəlbində qayıtmaq ümidi ilə yaşayırdım. Sonra illər öncə ayrıldığım evimə getdim. Evin həyətində bitən armud ağacını qucaqladım və kövrəldim. Elə bildim ki, dünyanı mənə verdilər”, – deyə rəssam bildirib.