İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin birgə dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun (1914–1983) 110 illiyi münasibətilə tədbir keçirildi.

Foyedə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılmışdı.

Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında qısa məlumat verdi.

Bildirdi ki, Hüseynağa Sadıqov II Dünya müharibəsinin iştirakçısı olub. Berlinə qədər  döyüş yolu keçib. İki dəfə ağır yaralanıb.

Görkəmli aktyor “Azərbaycanfilm”in istehsalı olan “Sehrli xalat”, “Səhər”, “Yenilməz batalyon”, “Telefonçu qız”, “Babamın babasının babası”, M.Qorki adına kinostudiyada çəkilən “Ələddinin sehrli çırağı” filmlərində müxtəlif səpkili obrazlar yaradıb.

Cəmil Quliyev yeniyetmə ikən özünün də rol aldığı “Alma almaya bənzər” filminin (1975) çəkiliş prosesini də xatırladı: “Hüseynağa Sadıqovla ilk tanışlığımız fotosınaqlarda yarandı. Təxminən bir gün ərzində bir yerdə olduq. O, üzügülər, səmimi, zarafatcıl və təvazökar bir insan kimi yaddaşımda qalıb. Hüseynağa müəllim çəkiliş dövründə hamının sevimlisi idi. Çəkiliş meydanına da həmişə vaxtından tez gəlirdi. Bütün işçilərə, xüsusən uşaqlara diqqətlə yanaşırdı. Şəkər xəstəsi olduğu üçün həmişə çantasında ehtiyat ərzağı olurdu. Hamıya da bu ərzaqdan təklif edirdi. O, çox ehtiyatlı və səliqəli adam idi. Yola çıxarkən çantasında hər bir ləvazimatı – iynə-sap, su-qaynadan cihaz, qayçı, dava-dərman və s. götürərdi...”.

Görkəmli aktyorla uzun illər Gənc Tamaşaçılar Teatrında birgə çalışmış Xalq artisti Tariyel Qasımov çıxışında H.Sadıqovun xoşbəxt sənətkar olduğunu bildirdi. Qeyd etdi ki, sənətkarın xoşbəxtliyi onda idi ki, onu hər kəs sevirdi. Çox qürurlu insan idi. Öz sənətinə hörmətlə yanaşırdı.

Tədbirdə daha sonra Xalq artisti Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini danışdılar.

Qeyd olundu ki, 1928-ci ildə Bakıda Fəhlə Uşaq Teatrı yaranır. Sonralar öz fəaliyyətini Gənc Tamaşaçılar Teatrı kimi genişləndirir. Hüseynağa Sadıqov aktyor kimi məhz bu səhnədən pərvazlanır. Çox gənc ikən tamaşaçılar qarşısında çıxış edir.

Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fonduna təşəkkür etdilər.

Çıxışlar arası sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

S.Fərəcov