Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) gənc kinematoqrafçılara dəstək addımlarını davam etdirir. ARKA və “Tədris-film” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən, 12 tələbə filminin istehsalı uçun vəsait ayrılıb.
Müqavilə “İnam”, “Düşmüş mələk”, “Tullantılar dünyası”, “Balıqçı kafesində görüş”, “Fundament”, “Dəyişə bilməyən adam”, “Çağırılmamış qonaq”, “Ulduzun hekayəsi”, “Şirin yuxu”, “Biçilmiş don”, “Mühafiz”, “Sabah” film layihələrini əhatə edir. Ümid edirik ki, bu yaradıcı əməkdaşlığın bəhrəsini yaxın vaxtlarda ərsəyə gələcək uğurlu ekran işləri ilə görəcəyik.
Qeyd edək ki, ARKA eyni vaxtda 12 gəncin diplom işi olan filmini maliyyələşdirməklə kino tariximizdə bir ilkə imza atıb. Bu ənənə davam edəcək, ARKA tərəfindən hər il istedadlı tələbələrin diplom işlərinə dəstək göstəriləcək.
Bu xüsusda azərbaycanlı tələbələrin ekran işlərinin Qazaxıstanda təşkil edilən Fərabi Film Festivalında mükafata layiq görülməsi Azərbaycan kinosunun gələcək uğurlarından xəbər verir.
Gənclərə dəstək maliyyə yardımı ilə yekunlaşmır. Gənc kinematoqrafçılara dəstək məqsədilə ARKA Alternativ Kino Akademiyası da təsis edib.